Ağcabədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş mini futbol üzrə rayon turniri keçirilir.
“Aran” xəbər verir ki, idarə, təşkilat və müsəssisələr arasında təşkil olunan turnirin açılış mərasimi aprelin 25-də Ağcabədi Olimpiya İdman Kompleksində keçirilib. Mərasimdə icra başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər olmaqla 800 dən çox ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Turniri giriş sözü ilə açan Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev yarışın mahiyyət və məqsədləri barədə ətraflı məlumat verib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açılış mərasimində çıxış edərək əsası dahi lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinə və idmanına göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra Vətən müharibəsi əlili, MMA idman növü üzrə məşqçi –Cavid Allahverdiyev də ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, bu sahəyə yaradılan şəraitdən söhbət açıb.
Açılış mərasimi bədii hissə ilə davam edib.
Daha sonra rayon rəhbəri Rafil Hüseynovun topa ilk olaraq simvolik vuruşu ilə oyunlara start verilib.
Qeyd etdək ki, turnirdə idarə, təşkilat və müəssisələrdən 18 komanda olmaqla 4 qrupda mübarizə aparcaq. Turnirin final oyunu mayın 10-da keçiriləcək.









