Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi hər zaman xüsusi yer tutub. Dahi şəxsiyyətin bu sahədəki xidmətləri iki mərhələyə ayrılır:
1) Sovet hakimiyyəti illərində kitabxana işinin inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri;
2) Müstəqillik illərində kitabxana işinin inkişafında dahi rəhbər Heydər Əliyevin rolu.
Görkəmli rəhbərin diqqət və qayğısı nəticəsində kitabxana işi üçün ayrılan xərclər ildən-ilə artırılır, yeni binalar tikilirdi. Məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan 1970-1980-ci illərdə özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdı. Həmin dövrdə respublikamızda demək olar ki, hər il kitabxana binaları tikilirdi. 1975-ci ildə kitabxanaların sayı 110 vahid çoxaldı.
1981-ci ildə təkcə Mədəniyyət Nazirliyinin xətti ilə 80 kitabxana istifadəyə verilmişdi. Ümumiyyətlə, 1970-1980-ci illərdə Azərbaycanın bütün rayon mərkəzlərində vahid tipli kitabxana binaları tikilmişdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində kitabxana fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal və elmi məcmuələrin alınmasına xüsusi diqqət yetirilirdi. Bütün bunların nəticəsində sovet dövründə Azərbaycanda kitabxana fondlarının zənginləşdirilməsinin zirvə nöqtəsi məhz həmin illərdə oldu.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Bürosunun 1973-cü il 19 dekabr tarixli iclasında M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının 50 illiyinin keçirilməsi barədə qərar qəbul edildi. Yubiley tədbirinin keçirilməsi respublikada kitaba olan marağı daha da artıraraq, xalqın mənəvi xəzinəsinin qorunması və inkişafına qayğını təcəssüm etdirirdi.
Heydər Əliyev eyni zamanda Azərbaycanda ali təhsilli kitabxanaçıların hazırlanmasına xüsusi önəm verirdi.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycanda cəmi 3019 kitabxanaçı fəaliyyət göstərirdi. Onların da yalnız 1436 nəfəri ali təhsilli idi.
Azərbaycan rəhbəri bu vəziyyətin düzəldilməsi istiqamətində qətiyyətli tədbirlər həyata keçirdi. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsinə tələbə qəbulu planı artırıldı. Kənd rayonları üçün müsabiqədənkənar qəbul yerləri ayrıldı. Artıq 1980-ci illərin əvvəllərində Azərbaycanda ali təhsilli kitabxanaçıların ümumi sayı üstünlük təşkil edirdi. Hətta ən ucqar dağ kəndlərinin kitabxanaçıları da ali təhsil almağa başlamışdılar.
Tanınmış kitabxanaşünas alim, professor Abuzər Xələfov yazırdı: “Kitabxana işinin qocaman mütəxəssislərindən, yüksək ixtisaslı kitabxanaçı kadrlar hazırlayan ali təhsil işçilərindən biri kimi böyük iftixar və minnətdarlıq hissi ilə demək istəyirəm ki, ölkəmizdə yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanmasında Heydər Əliyevin xidmətləri əvəzedilməzdir. O, respublikada rəhbərliyə gəldikdən sonra 60-cı illərdə ləğv edilmiş kitabxanaları bərpa etmək, yeni kitabxanalar açmaqla yanaşı, yüksəkixtisaslı kitabxanaçı kadrların yetişdirilməsi işinə də xüsusi diqqət yetirməyə başlamışdı.
Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda kitab evi açılmışdı. Bu münasibətlə keçirilən tədbirdə ulu öndərin iştirak etməsi onun kitaba, xalqın maariflənməsinə və mənəvi xəzinəsinə ciddi əhəmiyyət verməsinin göstəricisi idi. Heydər Əliyevin həmin məsələyə diqqəti sayəsində qısa müddətdə bölgələrin siması başdan-başa dəyişmişdi.”
Heç bir mübaliğəyə yol vermədən demək olar ki, Azərbaycan kəndində ən yüksək mədəni inkişaf məhz Heydər Əliyevin hakimiyyəti illərində baş verib. Məhz həmin dövrdə Azərbaycan kitabı şəhər və kəndlərdə yaşayan hər bir ailənin həyatına daxil olmuşdu.
Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikada 1155 kitabxana tikilib, xalqın istifadəsinə verilmişdi. Həmin illərdə kitabxana işinin inkişaf səviyyəsi dəfələrlə yüksək idi. Bu dövrdə 38,8 milyon nüsxəlik kitab fonduna malik 4245 kütləvi kitabxana fəaliyyət göstərirdi. 15 il müddətində kütləvi kitabxanaların sayı 1322 ədəd artmış, kitab fondu isə 13,4 milyon nüsxə çoxalmışdı. 1981-ci ildə ölkəmizdə bütün növdən (kütləvi, elmi, təhsil, texniki və s.) olan kitabxanaların sayı 8905 ədəd, kitab fondu isə 29,8 milyon nüsxə olmuşdu.
Müstəqillik illərində ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, kitabxana işi sferasında da inqilabi çevriliş etdi.
Bu illərdə Heydər Əliyev kitabxanaların ləğv olunmasının qarşısını aldı, onların qorunub saxlanılmasını təmin etdi. 1993-1999-cu illər Azərbaycanda kitabxana işinin tarixinə kitabxanaların qorunub saxlanılması uğrunda mübarizə dövrü hesab olunur. Kitabxanaların özəlləşdirilməsi, onların binalarının başqa məqsədlər üçün istifadə olunması ümummilli lider Heydər Əliyevin Fərmanı ilə qadağan edildi. Ölkədə mövcud kitabxana şəbəkələri qorunub saxlandı. Kitabxana işi tarixində bu illər 1993-1999-cu illəri əhatə edir. Məhz bu illərdə Azərbaycan dövləti keçid dövrünün hər cür çətinliyinə baxmayaraq, bir sıra ictimai təşkilatların kitabxana şəbəkələri istisna olmaqla, dövlət kitabxana şəbəkələrini qorumağa müvəffəq oldu.
Kitabxanaya yüksək qiymət verən Heydər Əliyev demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdəndir. Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”.
Ulu öndərin kitabxanalara qayğısı, respublikanın bütövlükdə kitabxana sisteminin və şəbəkələrinin qorunub saxlanması sahəsində həyata keçirdiyi tədbirlər diqqəti cəlb edir. Ölkədə Heydər Əliyevin hakimiyyəti illərində 1 milli kitabxana, 3 respublika əhəmiyyətli sahəvi kitabxana, 74 şəhər və mərkəzi rayon kitabxanası, 3744 kənd kitabxanası fəaliyyət göstərmişdir. Orta hesabla əhalinin hər 700 nəfərinə bir stasionar kitabxana düşürdü. Kitabxanaların fondunda 35,9 milyon nüsxə kitab (sənəd) toplanmışdı. Bir il ərzində kitabxanalara 121,76 nüsxə kitab, 22 min nüsxə audiovizual sənəd daxil olub. Bu ədəbiyyatın 101,18 nüsxəsini Azərbaycan dilində olan ədəbiyyat təşkil edib.
Heydər Əliyevin dövlət kitabxana siyasəti respublika miqyasında aparılan kitabxana işinin əsasını təşkil edirdi. Kitabxana işinə dair dövlət siyasətinin formalaşdırılmasında Azərbaycan Respublikasının Konstitusiyası əsas qanunvericilik bazası rolunu oynayır. Ölkə vətəndaşlarının mədəni sərvətlərdən istifadə etmək hüquqları Konstitusiyanın 40-cı və 50-ci maddələrində şərh olunub, kitabxanaların hüquqları təsbit edilib, onların qarşısında insanlara kitabxana və informasiya xidmətinin yüksək səviyyədə, maneəsiz, qüsursuz və vaxtında təşkil edilməsi vəzifəsi qoyulub.
1996-cı ildə Azərbaycanda “Kitabxana işi haqqında” qərar, 1998-ci ildə isə ölkəmizin tarixində ilk dəfə olaraq “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 29 dekabr 1998-ci ildə ölkə Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış və həmin gündən qüvvəyə minmiş Qanun, həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli Fərman qanunun ayrı-ayrı maddələrinin yerinə yetirilməsinə cavabdeh olan dövlət orqanlarını müəyyənləşdirib.
Məhəbbət Əliyeva,
Ağcabədi rayon MKS-nin direktoru