Heydər Əliyev və Ağcabədi

Ulu öndərimiz deyirdi ki, nə qədər Azərbaycan xalqı var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam. Bəli, nə qədər Azərbaycan xalqı var, onun adı hər zaman dillərdə əzbər olacaq, fəaliyyəti daha geniş araşdırılacaq, daha dərindən örəniləcək, öyrənildikcə bu şəxsiyyəti daha dərindən tanıyacaq, tanıdıqca daha böyük qürur duyacağıq.

Mənim iş fəaliyyətimin böyük hissəsi dahi liderin ömür yolunun, fəaliyyətinin öyrənilməsi və təbliği ilə bağlı olub. 13 il Ağcabədi rayon Heydər Əliyev Mərkəzində elmi işçi, baş mühafiz və direktor vəzifələrində çalışmışam. Mərkəzin (o vaxt muzey idi) ilk əməkdaşlarından idim. Muzey 2007-ci ildə fəaliyyətə başlasa da, rəsmi açılışı Cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın iştirakı ilə 2008-ci ilin 17 yanvarında oldu.

İşə başlayarkən buradakı 4 əməkdaşın hər biri çox gənc idi. Amma həvəsimiz, enerjimiz çox idi. İlk günlərdən etibarən dahi liderimizi görmüş, onunla söhbət etmiş insanları axtarmağı, onların xatirələrini toplayaraq bir kitab çap etdirməyi qarşımıza məqsəd qoyduq. Rayon rəhbərliyi bu təşəbbüsümüzə dəstək verdiyi üçün işə çox həvəslə başladıq. Onu da bildirim ki, ulu öndər Ağcabədidə ümumilikdə 6 dəfə olub. Sovet hakimiyyəti illərində 4 dəfə – 1970, 1974, 1978 və 1982-ci illərdə, müstəqilliyimiz əldə olunduqdan sonra isə 1993, 1994-cü illərdə rayonumuza səfər edib.

Həmin səfərlərə şahidlik edənlərlə görüşmək, kəndbəkənd gəzərək əldə etdiyimiz məlumatları hazırlamaq üçün bəzən evə həddindən çox gec gedirdik. Valideynlərin bu gecikmələrlə bağlı narazılığı üzlərindən oxunsa da, gördüyümüz işin mahiyyətini bildikləri üçün susurdular. Nəhayət zəhmətimiz bəhrəsini verdi. Ulu öndərlə görüşmüş ziyalılarımızın, həmçinin sadə kənd adamlarının xatirələrinin yer aldığı  ”Heydər Əliyev və Ağcabədi” adlı kitab çap olundu. Qeyd edim ki, həmin şəxslərlə görüşlərimizin təşkil olunmasında o vaxt YAP Ağcabədi rayon təşkilatının sədr müavini işləyən, dahi liderimizi görmüş şəxslərdən olan Aqil Muradovun böyük köməyi oldu.

Cənab Przeident İlham Əliyev Ağcabədiyə ilk səfəri zamanı Heydər Əliyev Muzeyinin açılışında da iştirak etdi. Həmin vaxt bu kitabdan ikisi ona hədiyyə olundu. Əlbəttə, sevincimizin həddi-hüdudu yox idi.

Bəlkə də o vaxt bu kitabın dəyərini özümüz o qədər də bilmirdik. Amma illər keçdi, həmin insanların əksəriyyəti dünyasını dəyişdi. Artıq onları tapmaq, tarixi anları yenidən dinləmək mümkünsüz oldu. Kitab isə əbədi olaraq xatirələri sinəsində saxladı.

İndi fəaliyyətimi Ağcabədidə çıxan doğma “Aran” qəzetində davam etdirirəm. Buradakı kollektivimiz də dahi liderin siyasi irsinin təbliğ olunması, bununla bağlı görülən işlərin işıqlandırılması üçün bütün imkanlardan istifadə edir. Qəzetin səhifələrində, həmçinin aranqazeti.az saytında, “Aran Ağcabədi” internet televiziyasında təqdim olunan materiallar bunun bariz nümunəsidir. Və əlbəttə ki, bu illər ərzində dahi liderlə görüşmüş digər şəxsləri tapmaq istəyi hələ də məni tərk etməyib. Çox axtarışlardan sonra bugünlərdə əməkdaşlarımızdan aldığım xoş xəbərin sorağı ilə gecikmədən iki kəndimizə üz tuturuq. Əslində bu insanların elə də çox xatirələri yoxdur. Bəzisi Ulu öndəri sadəcə yaxından görüblər, ünsiyyətləri olmayıb… Amma görüşüyümüz şəxslərdən alacağımız ən kiçik məlumat da bizim üçün bir tarixdir. Və mən bu tarixi indi kitab şəklində çap etdirmək yox, videomateriala çevirmək niyyətindəyəm… 

Amma iş bununla bitmirdi. Görüşlərə mənimlə bərabər gedən “Aran” qəzetinin müxbiri Rəmziyyə Həsənova da məhz bu söhbətlərdən qəzet materialı hazırlamaq niyyətində idi. Artıq sözügedən yazı hazırdır və aşağıda həmin materialı təqdim edirik.

Məhsəti Musa

Heydər Əliyev dedi ki, ağcabədililər qoçaqdır, zəhmətkeşdir…

Düzünü desəm, bu işə başlayanda nə qədər çətin, məsuliyyətli bir iş olduğunu bilirdim. Axı ümummilli lideri görmüş, onunla qısa da olsa ünsiyyətdə olmuş ağcabədililərin axtarışındaydıq. Redaktorumuz Məhsəti xanımın mənə verdiyi ürək-dirəkdən sonra özümdə güc tapdım və bir-birindən maraqlı, yaddaqalan müsahibələri hansı formada hazırlamağı öz aramızda planlaşdırdıq. Beləliklə, televiziya materialını o, qəzet üçün olanları isə mən hazırlayacaqdım.

Ulu öndərin hər zaman doğmalığını hiss etdirdiyi ağcabədililərin sorağı ilə ilk dayandığımız ünvan Hacıbədəlli kəndi oldu. Kənd sakini Dilarə Salahova söhbətləri ilə bizi 1982-ci ilə apardı. Yaddaşında, xatirində qalanları danışdı:

1980-1985-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşam. Mənim o vaxtlar 26 yaşım vardı. 1982-ci il idi, Heydər Əliyev rayona səfər eləmişdi. Səfərlərində bir neçə kolxoza gedirdi. Getdiyi bölgələrin insanları böyük fəxr hissi duyurdular. Bizim kolxoz onda Səməd Vurğun kolxozu adlanırdı – ora da gəlmişdi. Bizimlə salamlaşdı, görüşdü. Şəxsən onunla üz-üzə tanışlığım elə həmin il olmuşdu. Əslində bu şəxsiyyəti bir neçə dəfə iclaslarda da görmüşəm. Heydər Əliyev rayonumuza gələndə yolun kənarı çoxlu insanlarla dolu idi. Hər kəs onu yaxından görmək, ünsiyyət qurmaq istəyirdi. Onun kimi dahi şəxsiyyəti əlçatmaz hesab edirdilər.  Heydər Əliyev köməkçisinə tapşırdı ki, yaxına gəlmək istəyənlərə mane olmayın, gəlsinlər. Hə, onu da qeyd edim ki, o, çox diqqətli, hər şeyə qayğı ilə yanaşan və yaddaşlı insan idi. Səfərində bildirdi ki, keçən dəfə bura gələndə sizə bir neçə irad bildirmişdim və yadımdadır. Həll olunubmu?

Bir şeyi də qeyd edim ki, mən  Zərifə xanım Əliyevanı da yaxından görmüşəm. Çox sadə, əsl Azərbaycan xanımına xas xüsusiyyətlərə malik qadın idi. Şəkillərdə necədirsə, həyatda da elə idi…

Heydər Əliyevin hər gəlişindən sonra rayonda böyük canlanma hiss olunurdu, əhalidə böyük coşqu yaranırdı. Hər kəs gözləyirdi ki, bizim kəndə də gələcək. Kolxozu gəzəcək. Görülən işlərlə tanış olacaq.  Hər dəfə də gələndə sakinlərə deyirdi ki, nə çətinliyiniz var?

Mən hər zaman qürur duymuşam ki, özüm dahi lideri yaxından görmüşəm. Yadımdadır ki, rayona gələndən sonra Moskvaya səfəri oldu. Dahi lideri orada keçirilən qurultayda iştirak edərkən də görmüşdüm.

Bu gün onun qoyub getdiyi böyük irs layiqli varisi Prezident İlham Əliyev  tərəfindən davam etdirilir. İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində qələbə çaldı. İllərin torpaq həsrətinə son qoyuldu, yurdumuza qovuşmaq arzusu reallığa çevrildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.”

Dilarə xanımla söhbətimizi yekunlaşdırıb, növbəti müsahibimizin evinə gedirik. Bir az həyəcanlı…

Budur, həyətində ilk olaraq alça ağaclarına fikir verdiyimiz, balaca nəvəsi ilə bizi gözləyən İbadət dayı… Əvvəlcə təşəkkür edirik, bizimlə söhbətə razılıq verdiyi üçün.

Qeyd edək ki, o illərdə İbadət Kərimov kolxozda mexanizator kimi çalışıb. O da dahi liderlə görüşünü özünəməxsus şəkildə təsvir etdi:

Mən Heydər Əliyevi iki dəfə görmüşəm. 1978-ci il və 1982-ci illərdə. Tapdıq Qənbərovun briqadasında işləyirdim. Yadımdadır ki, çox bərk istilər keçirdi. Gələrkən ilk olaraq nə çətinliyiniz var, problemləriniz nələrdir – deyə soruşardı. Düzünü desəm, üzünə baxmaq olmurdu. Zəhmindən adam özünü itirirdi. Deyirdi utanmayın, nə çətinliyiniz var deyin.

Onunla söhbətimiz 1982-ci il iyulun 13-də növbəti səfər zamanı pambıq sahəsində oldu. Təxminən günorta vaxtları idi. Məndən pambıq yığımı üçün istifadə etdiyimiz texnikanın necə işlədiyini soruşurdu. Mən də izah edirdim. Hətta o vaxt çəkilən şəkil də var. Baxın, (pambıq sahəsində çəkilən şəkli əlində tutaraq işarəylə göstərir) şəkil burdadır. Çox idi e şəkillər. Müəyyən idarələrdən gəlib apardılar. İndi yəqin ki, onlarda qalar…

Biz şəkilə baxarkən İbadət dayının yadına yenə nə isə düşür, gülür:

Hə, qoy yadıma düşmüşkən bunu da deyim. Heydər Əliyev soruşdu ki, “Mən gəlmişəm deyə bəzənib buralar, yoxsa həmişə beləsiniz? Mən də cavabında “Həmişə beləyik” dedim.

Ümumiyyətlə, Heydər Əliyev rayona gələcək deyiləndən, mövsüm bitənə qədər həvəslə gözləyirdik ki, gələcək.  Çox diqqətli insan idi. Gələndə sakinlərdə böyük ruh yüksəkliyi hiss olunurdu.

Onun qoyub getdiyi irs bütün dünyaya nümayiş olundu. 44 günlük Vətən müharibəmiz buna əyani sübutdur. O günlərdə Prezident İlham Əliyevə neçə-neçə ölkənin jurnalisti suallar ünvanladı. Bu müharibə təkcə döyüş meydanında deyildi, həm də siyasi müstəvidə idi. Amma ölkə başçımız düşmənin hərtərəfli cavabını verdi. Qələbəmiz uğurlu siyasətin nəticəsidir və dünyanın gözü önündədir.

İbadət dayı ilə söhbətimizi yekunlaşdırıb çıxırıq yola. Növbəti dayanacağımız Salmanbəyli kəndidir. Kəndə gedərkən yol boyu yoncalıqda al qırmızı lalələrin sahələri necə ağuşuna aldığını telefonun yaddaşına köçürməyi də unutmuruq. Arada gedəcəyimiz ünvanı qarışdırsam da, nəhayət gəlib çatırıq.

Budur, yolumuzu gözləyən Səfər dayı bizimlə görüşür. Simasından ürəyinin dolu olduğu görünür. İsrarla evə dəvət etsə də elə həyətdə, ağacların altında gözəl bir yer seçib oradaca söhbətə başlayırıq.

Xatırladaq ki, Səfər Cəfərov kolxoz komsomol təşkilatının katibi, zootexnik, ferma müdiri və digər sahələrdə çalışıb. O, ulu öndəri belə xatırlayır:

Heydər Əliyevi rayonumuzda və iclaslarda bir neçə dəfə görmüşəm. İlk görüşüm Mədəniyyət evində, iclasda olub. Rayona gələndə təsərrüfatları özü gəzdi. Dedi ki, ağcabədililər qoçaqdır, zəhmətkeşdir. Buna görə çox sağ olun. O zəhmətin bəhrəsidir ki, bol məhsul yetişdirmisiniz. Bu xoş sözlərlə bərabər onu da bildirdi ki, əkin sahələrində olmuşam, məhsuldarlığı bir az da artırmaq olar.

Heydər Əliyev işləyən, bacarıqlı insanlara xüsusi qiymət verirdi, kadr seçimində diqqətli idi. Məsələn, Ə.Bünyatov adına kolxozun sədri İnqilab müəllim var idi. Heydər Əliyevin onunla ünsiyyəti olmuşdu. Sonralar onu dilbər guşələrimizdən biri olan Kəlbəcərə göndərdi. 12 ildən artıq İnqilab müəllim orada uğurla fəaliyyət göstərdi. Mən bunu sadəcə kiçik bir nümunə kimi dedim. Onun səfərlərinin rayonumuzun inkişafında xüsusi yeri olub.

Yadımdadır, Mərkəzi Komitədə qabaqcıllar müşavirəsi keçirilirdi. Hər rayon öz qabaqcıl işçilərini müəyyənləşdirib, bu müşavirəyə göndərirdi. Ağcabədidən sosializm yarışının qalibi mən idim. Ferma müdirlərindən mən, 5 nəfər sağıcı, rayon Komsomol Komitəsinin birinci katibi, həmkarlar təşkilatının sədri, qəzet redaktoru, istehsalat idarəsinin rəisi birgə iclasa getdik. İclas bir neçə saat davam etdi. Çıxışı bitəndən sonra dedi ki, deyəsən sizi çox yordum. İndi gəlin, səhnəni Zeynəb Xanlarovaya verək. O, oxusun, biz də qulaq asaq.

Bu gün ümummilli lider sadəcə cismən aramızda yoxdur, hər birimizin qəlbində yaşayır, yaşayacaq. Onun övladı, layiqli davamçısı Prezident İlham Əliyevdir.Onun uğurlu fəaliyyətinin nəticəsidir ki, Vətən müharibəsində ermənilər də, onların havadarları da məğlub oldular.  Bu qələbədən fərəhlə, ürək dolusu danışmaq olar. Zəfərimizlə sübut olundu ki, əbəs yerə deyilmirdi-“Qarabağ Azərbaycandır!”

Qələmə aldı: Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləYolumuz Heydər yoludur
Növbəti məqalədəKitabxanada “Oxu bayramı”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər