Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin 1919-cu ildə yazdığı “Ölülər” əsərində camaatın cahilliyi, elmsizliyi tənqid olunur. Əsərin baş qəhrəmanı Kefli İsgəndər Şeyx Nəsrullahın “ölü diriltmə” yalanına inanmır, onu ifşa edir. Cəlil Məmmədquluzadə Şeyx Nəsrullah obrazı vasitəsilə fırıldaqçı insanları tənqid edib, Kefli İsgəndər obrazı ilə camaatı cahillikdən oyatmaq üçün şüarlarını oxuyucuya çatdırıb.
Şeyx Nəsrullah kimi zəmanəsinin fırıldaqçı mollalarının yalanlarına inanan avam insanlara “ölülər” deyən Kefli İsgəndər, sadəcə bir ədəbi qəhrəman deyil, Cəlil Məmmədquluzadənin real həyatdan götürdüyü obrazdır. Cəlil Məmmədquluzadə məqalə və xatirələrində Kefli İsgəndərin yüzlərlə ayrı-ayrı ziyalının ümumiləşmiş obrazı olduğunu bildirib. Lakin Kefli İsgəndər obrazının real prototipləri barədə müxtəlif versiyalar var. Onlardan biri Kefli İsgəndərin prototipinin Ağcabədi rayonunun Hüsülü kəndində yaşamış İsgəndər Hacı Həsən oğlundan götürülməsi versiyasıdır.

Məlum olduğu kimi, Cəlil Məmmədquluzadə 1907-ci ildə Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və ömrünün xeyli hissəsi Qarabağda – Ağcabədinin Kəhrizli kəndində keçib. Həmidə xanımın qeyd etdiyi kimi, Mirzə Cəlil “Anamın kitabı” pyesinin müəyyən hissəsini, “Molla Nəsrəddin” jurnalı üçün baş məqalələrin bir çoxunu, həmçinin “Ölülər” pyesini Kəhrizli kəndində yazmışdı. “Ölülər” pyesinin qəhrəmanı Kefli İsgəndər, eləcə də əsərin bir neçə prototipi Ağcabədinin Hüsülü kəndindən götürülmüşdü. Həmidə xanım xatirələrində yazıb: “Pyesin qəhrəmanına qohumumuz – rəhmətlik atamın yaxın dostu, fars dilini gözəl bilən böyük mərifət sahibi İsgəndər Hacı Həsən oğlunun adını vermişdi. İsgəndər Hüsülü kəndində yaşayırdı. Böyük üzüm bağları vardı. Yerli ruhanilərin və başqa insanların rəyini vecinə almadan şampan şərabına bənzər əla çaxır çəkirdi. O, içən olduğundan “Kefli İsgəndər” ləqəbi ilə tanınırdı”.

“Aran”ın xəbərinə görə, AZƏRTAC-ın bölgə müxbiri Ağcabədinin Hüsülü kəndinə gedərək Kefli İsgəndərin prototipi ilə bağlı sakinlərin fikirlərini öyrənib. Qeyd edək ki, Hacı İsgəndərin məzarı Hüsülü kənd qəbiristanlığındadır.

Hüsülü kənd sakini İlqar Cəfərov deyib: “İsgəndər Hacı Həsən oğlu dövrünün ziyalılarından olub, Avropada təhsil alıb, insanları maarifləndirib. O, əslində kefli olmayıb, savadsız insanlara, İrandan gələn mollalara, cəhalətə qarşı çıxıb”.

Kəndin digər sakini Məşədi Cavid Rüstəmov “Ölülər” əsərindəki İsgəndərin Fransada təhsil aldığını, dövrünün ziyalılarından olduğunu bildirib: “İsgəndər bəy zəmanəsinin ziyalısı olub. O, Fransada universitetdə təhsil alıb. Həmidə xanım Cavanşirin qohumu olan Bahar xanımla evlənib. Həmidə xanım Cavanşirin həyat yoldaşı Cəlil Məmmədquluzadə ilə birlikdə Hüsülü kəndinə tez-tez gəlmələri bu qohumluq əlaqələri ilə bağlı idi. İsgəndər bəy haqq sözü danışan, camaata düz yol göstərən olub. Kənddə bir çox adamın, əsasən də dindarların ondan, onun dediklərindən xoşları gəlməyib. İsgəndəri gözdən salmaq üçün adını Kefli İsgəndər qoyublar. Necə ki, Bəhlul Danəndəyə divanə adı qoyulub, İsgəndər bəyə də “kefli” ləqəbi qoyublar ki, hörmətdən salsınlar. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki prototiplərin bir çoxu Hüsülü kəndindəndir. Onlardan Hacı Həsəni, Kərbəlayi Cəbrayılı, Məşədi Əhmədi göstərmək olar. Cəlil Məmmədquluzadə İsgəndər bəylə bağlı eşitdiklərini, bildiklərini Naxçıvandakı əhvalat və tiplərlə ümumiləşdirərək qələmə alıb”.

İsgəndərin və atası Hacı Həsənin dağılıb itməkdə olan məzarları kənddə yaşayan qohumları İlham Novruzov tərəfindən bərpa edilib. “İsgəndər Hacı Həsən oğlu mənim babam Fərrux bəyin dayısı oğludur. İsgəndərin və atası Hacı Həsənin qəbirləri itmək üzrə idi. Ona görə bərpa etdik. İsgəndərin şəklini Leninqradın arxivlərindən axtarsaq da, tapa bilmədik. Bildiyimizə görə, İsgəndərin ailəsi Azərbaycanda sovet hakimiyyəti qurulanda Fransaya mühacirət edib. Qızı müəllim olub və hazırda nəvələri orada yaşayır. Ancaq heç bir əlaqəmiz yoxdur”, – deyə İ.Novruzov bildirib.
Qeyd edək ki, Kefli İsgəndər obrazının real prototipləri barədə digər versiyada Cəlil Məmmədquluzadənin Naxçıvanda yaşayan Paşa bəy Sultanov adlı bir vəkili nəzərdə tutduğu bildirilir.