Heydər Əliyev Mərkəzində direktor işləyəndə demək olar hər gün danlanırdım:
“Sən rəhbərsən, özünü rəhbər kimi apar. Sərgiyə stol-stulu qoy işçi daşısın.”
“Sən rəhbərsən, işçiyə tapşır filan işi filan etsin.”
“Sən rəhbərsən, işçiyə sözünü sərt de, həddini bildir.”
“Sən rəhbərsən, “Facebook”da o nə statusdur yazmısan?”
Amma mən stol-stulu daşıyanda da, sərgini təşkil edəndə də, çay dəmləyəndə də, tədbir keçirəndə də əməkdaşlarla bərabər çalışdım. ”Facebook” statuslarımı da ürəyimdən necə gəldi, elə yazdım. Kollektivimə sevgidən başqa heç nə vermədim. Bu gün onların hərəsi bir başqa müəssisədə, başqa vəzifədə çalışır. Amma fikir vermişəm, bir tədbirdə, bir məclisdə məni görən anda anasını tapmış körpə kimi qaçıb böyrümdə əyləşirlər. Ehtiramla görüşürlər. Bu mənim ən böyük mükafatımdır.
Sonra iş yerimi dəyişdim. Burada ilk günlər ağlım əvvəlki kollektivə getdi. Amma hər şey gözlədiyimin əksinə idi. Mən bəzilərinə sevgi verdikcə nifrət gördüm. Mən dostluq etdikcə düşmənçiliklə qarşlaşdım. İnsanam, bəzən artıq şəxsiyyətimə, qüruruma toxunulmaq həddinə çatanda, bəzən özbaşınalıqla qarşılaşanda qarşı tərəfə yerini göstərdim. Amma nifrət etmədim. Həmin üzümə kin püskürənlərə hərdən öz əllərimlə çay süzdüm, dost kimi davrandım. Kollektiv formalaşdırmağa çalışdım. Sadəcə iş yoldaşı kimi, dost kimi… Heç vaxt “mən sənin rəhbərinəm” sözlərini onların başlarına taqqıldatmadım. Səhvlərini yoldaş kimi izah etdim. Çünki direktor, müdir, redaktor və üstəgəl ən böyük vəzifələrin ömrünün qısa olduğunu, ən kiçiyindən tutmuş ən böyüyünədək istənilən vəzifənin adı altında işləyənlərin hər birinin sadəcə bir insan olduğunu gözəl bilirəm. Və əməkdaşın mənə məhz rəhbər olduğum üçün hörmət etməsini heç vaxt arzulamamışam. Mən onlara həqiqətən sevgi verib, sevgi almaq istəyirəm. Əvvəlki kollektivim kimi… İndi səmimi, mehriban və çalışqan kollektiv yaratmaq istəyimə demək olar, xeyli nail olmuşam, artıq istiqamətin yaxşıya doğru getməsindən məmnunam…
Bu arada, otağımın tozunu da özüm alıram, hərdən nə isə töküləndə özüm süpürürəm, əvvəllər qızlarım çay verirdisə, indi buna da imkan vermirəm. İş otağımda çayımı da özüm qaynadıb, dəmləyirəm… Baxmayaraq ki, redaksiyanın öz maşını var, həmçinin həyat yoldaşım da işə gedəndə, işdən çıxanda məni götürə bilir, hava və vaxt imkan verdikcə evə piyada gedib-gəlməyi daha üstün tuturam. İnsanlarla ünsiyyətdə olmaq, rastıma çıxan qaraçı balasına: “Sən nə qəşəng qızsan?!” – deyib üzündə xoş və bir az da heyrət dolu təbəssüm yaratmaq, hər səhər iş yerimin ətrafını təmizləyən, çoxlarının böyründən düz keçdiyi o dayı ilə o cavan oğlana: “Sabahınız xeyir” – söyləyərək onlardan ürəkdolusu cavab almaq, havanı, yolu, küçəni görmək, hiss etmək məni xoşbəxt edir. Və bunları edəndə xəncərimin qaşı – zadı da düşmür…
Sadə olun, qadan alım! Vəzifə səni qəlibə, çərçivəyə salacaqsa, fəaliyyətin yalnız bu obrazı qorumaqdan ibarət olacaqsa, sadə insanlarla danışmağı özünə sığışdırmayacaqsansa, səndən aşağı vəzifəlilərə söz deməyə ərinib başınla, gözünlə “gəl-get” işarəsi verməyə “məcbur” olacaqsansa və bunu məhz tutduğun vəzifənin tələbi kimi dərk edəcəksənsə, etmə! Ömür bir dəfə verilir insana. Normal yaşayın həyatınızı. Ruhunuzu boğmayın. Ən yüksək vəzifədə olun, ən yüksək mövqeyə çatın, ən “hündür” kresloda oturun, amma sadə olun…
Bu gün mənim heç bir işim olmazsa, hansısa mağazada satıcı, hansısa müəssisədə kargüzar və daha sadə işlərlə məşğul ola bilərəm. Kimsədən çəkinmərəm, sıxılmaram,utanmaram.Çünki mən hər zaman ən sadə insanlara ən böyük sevgini vermişəm və istənilən vaxt o insanların arasında olmağa üzüm var…
RƏNGLİ GÜNDƏLİYİMDƏN
Kimliyini söz ilə sübut etməyə çalışan adamlar əslində aciz varlıqlardır. Daha doğrusu, kompleksli adamlardır. Onlar özlərinə tam inana bilmədikləri üçün elə bilirlər ki, kənardakılar da belə düşünür. Odur ki, “Sən bilirsən mən kiməm?”, “Mən filankəsəm, mən bəhmənkəsəm” kimi sözlərlə o natamamlıqlarını ört-basdır etməyə çalışırlar. Vallah, varsansa, səni görəcəklər. Yoxsansa, ha özünü sök-tök, boğazını cır, xeyri yoxdur…
* * *
Bir müddət öncə uşaqların atası balaca eeey, laap balaca xətrimə dəymişdi. Bunu “həzm” edə bilərdimmi? Bir həftəlik küsülülükdən sonra 3 gün, 3 gecə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın az qala bütün maddələrini onun diqqətinə çatdıraraq adamı peşiman etmişdim.
Bu gün kənddən bir kişi qonağımız gəldi. Qadınından sevgi ilə danışır, hər kəlməsində ailəsinə olan diqqətini nümayiş etdirirdi. Ürəyimdə fikirləşirəm ki, gör necə qayğıkeşdir, evdəkilərin qəlbinə dəyməmək üçün nələri yola verir… Vəəə… Qonaq söhbətə davam edərək bizim kişiyə müraciətlə dedi:
– Ümumiyyətlə, məndən sənə məsləhət, inək, qoyun, toyuq, arvad – bunlar bir qrupa aiddir. Onlara elə baxmalısan ki, yağı dərisinə sığmasın. Görənlər adama söyməsin ki, bunu nə gündə saxlayır.
* * *
Xala sosial şəbəkədə ekran boyu bir fotosunu paylaşıb, başlığında da yazıb ki, “Göygöl”.
Səhərdən fotoda gölü axtarıram.
* * *
Bəylər, imkan verin, xanımlarınız sosial şəbəkələrdən öz adları, ya da heç olmasa lap xarici ad olsa belə, qadın adı ilə istifadə etsinlər. Bayaq tibbə aid bir material axtarırdım, təsadüfən gedib “Youtube” da bir videoya baxmalı oldum. Sonra şərhlərə göz atdım. Boy, qadan alım, bu nə idi belə… Deməli Faiq adlı biri yazıb ki, doktor, mən 6 aylıq hamiləyəm, qanım çox aşağıdır… filan…filan… Sonra Sədrəddin adlı biri də qayıdıb Faiqin şərhinə şərh yazıb ki, narahat olma, məndə də elə olurdu, filan dərmanlar kömək etdi.
Bu tərəfdən Şəhriyar adlı bir başqası Faiqin üstünə düşüb ki, buradakı məsləhətlərə qulaq asma. Həkimə get… Həkimdən məsləhətsiz heç nə eləmə. Məndə ikinci hamiləlikdə belə problem olmuşdu. Amma filan həkimin müalicəsi gözəl kömək etdi.
Bu dəfə də Sədrəddin qayıdıb gözünü yumub, ağzını açıb ki, ay Şəhriyar, səni gözəl tanıyıram. Get o alkaş ərinin dərdini çək. Mən özüm hamilə olanda istifadə edib faydasını görmüşəm. Ona görə də yazıram. Sən niyə burnunu soxursan ki mənim şərhimə? … Nə isə, şərhlərdə söz ilə bir “saçyoldu”, “dartma yaxam cırıldı” düşüb ki, gəl görəsən.
İndi düşünün də… Adınızın, soyadınızın bu cür istifadə olunmasına razısınızsa, qoy belə də davam etsinlər.
* * *
Gəncədə xəstəxanadayıq. Foyedə növbəmi gözləyirəm. Müasir görünüşlü, vidli – fiquralı, dikburunlu, eyni “dəzgah”dan çıxmış xanımlar qoltuqlarında qovluq o yan – bu yana “şütüyürlər”. Adam özünü yığışdırır bu dəblilərin içində. Birdən bir şortikli oğlan gəldi, xanımlardan birini saxlayıb nə isə soruşdu və o da istiqamət verdi. Sonra yoluna davam edən xanım nifrətlə ağzını əyərək öz-özünə, amma yüksək səslə dedi:
– Bunun şortikinə-zadına bax!
Yadıma şair Cəlil Cavanşirin bir yazısından bu sözlər düşdü:
“Yaxşı qızın qardaşı şortik geyinməz! “
* * *
Minimum əmək haqlarının qalxdığı günlər idi. Məni dərd götürüb ki, bu 12-13 nəfər əməkdaşın maaşını necə verəcəyik? Bu arada iştirak etdiyim yas məclisindəki molla xala xodlanıb:
– Bax bu dəqiqə bu çadırın (yas mağarını deyir) ətrafında düz 1700 mələk var. Onlar mərhumla haqq-hesab çəkmək üçün göndəriliblər…
Öz əməkdaşlarımız yadımdan çıxır, indi 1700 mələyin dərdini çəkirəm ki, bəs onlar nə ilə dolanır, necə yaşayır? Görəsən onlarda da ixtisar – zad olur? Olmursa bunları necə yola verirlər?
* * *
Sosial şəbəkədə evdarlıqla bağlı məsləhətlərə baxıram. Kartof qızartması ilə bağlı hərə bir fikir yazıb: Əla qızarması üçün kartofu soyub doğrayandan sonra sodalı suya qoy, sonra bol su ilə yu, quru salfetə büküb qurut, duzunu lap sonda vur, “saçını fenlə”, “dırnağına lak qoy”, “dikdaban ayaqqabı geyindir”…
Bu qədər hoqqa verməkdənsə, alıcı olaraq yaxşı kartof seçmək və yağı bol etmək lazımdır.
* * *
– İradə, aay İradə!
– Haaaa
– Firdooosi öydədi?
– Həə. Neynirsən ki?
– Azz, bizim bu tutu çırpardı…
– Başa düşmədim, niyə öz ərin çırpmır ki?
– Azz, saallah, 40 yaşımda bir ər tapmışam, yıxılar qolu-qıçı qırılar….
İki qonşu arasında pəncərə vasitəsilə gedən bu söhbətin axırını yazmıram, eldən ayıbdı…
* * *
Çay içəndən sonra konfet kağızlarını stəkana dolduran adamları yun çubuğu ilə döymək istəyirəm.
* * *
Redaksiyaya “Uğurlu gənclərimzi tanıyaq” başlığı altında uzun bir yazı gətirilib. Düz 20 dəqiqə vaxtımı sərf edərək oxuyub bitirəndən sonra məlum oldu ki, haqqında yazılan adam “yeyib-içib, dünyadan köçüb”.
* * *
Deyirəm qızım, niyə işə bu qədər gecikmisən?
Deyir elə bildim iclasa gedəcəksiniz.
* * *
Kədərlisi odur ki, vəcd anını yaşayasan, amma onun nə olduğundan özünün xəbərin olmaya.
* * *
3 kq şəkəri 1-cə stəkan suda əridərək mürəbbə üçün şirə hazırlayan qadınlar doğrudan da böyük qüvvədir. Vallah mən nə vaxt buna cəhd edirəm, şirə əvəzinə şirniquş alınır…
* * *
Sadəlik gözəllikdir. Allah haqqı sadəlik gözəllikdir. Vicdan haqqı sadəlik gözəllikdir. Balamın canı haqqı sadəlik gözəllikdir. Gözəllik haqqı sadəlik gözəllikdir!
* * *
“Sağlığında qiymət verin insanlara.”
Cabir Novruzun bu məşhur misraları yaxşı səslənir. Hamının ürəyindən xəbər verir.
Amma vallah bəziləri var ki, bir balaca qiymət verən kimi deyir məndən yoxdur, hamınızı tapdalayacam. Özü də tapdalamağa məhz elə qiymət verənlərin özündən başlayırlar. Ona görə də bu tip insanlar nə qədər istedadlı, bacarıqlı olsalar da kənardakılar bunu onların özlərinə demirlər, ölənə qədər dözürlər, dözürlər, ta nəfəsi ağzından çıxandan sonra deyirlər ki, “irəhmətdikdən” yox idi.
Bilirlər ki, durub gəlib başlarında qoz qırmayacaq. Rəhmətlik Cabir müəllim işin bu tərəfini diqqətdən qaçırıb o şeiri yazanda…
* * *
Yüksək səslə və həyəcanla danışırlar:
– Azz, Allah onun boynun qırsın.Gördün yazıx qıza nağayrdı?
– Belə əliiin içinnən gəldi. Yönnü qız olsa başına da helə iş gəlməzdi. Tərbiyəsiz it qızı…
– Az, o yazığın günahı yoxuydu.Ay tooba onun yerinə olsam tutuf gədəni də, arvadı da şırımlıyardım. Yox bir, kim gəldi, gəlif başımda ağalıx eliyəjəh. Hələ Seyid Mürsəlin cəddinə qurban demişəm ey, o gədə cəzasın alsın, Allah haqqı qurban kəsəjəm.
Başqasının həyatına və söhbətinə burun soxmağı sevməsəm də, elə həyəcanla danışırdılar ki, maraqlanmaya bilmədim…
Serialdan danışırlarmış…
Məhsəti MUSA