Mayın 22-də Prezident İlham Əliyev Litvaya rəsmi səfər edib. Səfər zamanı hər iki ölkə başçısı mətbuata bəyanatla çıxış ediblər.
Prezident çıxışı zamanı bildirib ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır.
Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək.
Hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir.
Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb.
Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır.
Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.
Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir.
Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı imzalanmış əməkdaşlıq sənədləri:
- “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”;
- “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”;
- “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”.
Mayın 22-də dövlət başçısı Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda da çıxış edib.
Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir.
Birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir.
Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq.
Daşımalar sektorunu yalnız tranzit gəlirləri potensialı ilə məhdudlaşmır. Burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsətidir.
Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Əsas hədəf şaxələndirmədir. Ölkəmiz iqtisadiyyatı şaxələndirəcək və enerji sektorundan asılılığı azaldacaq.


“Aran”