Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi  varisidir

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranma­sı xalqımızın milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, tarixinin əhəmiyyətli və yaddaqalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etmişdir.

1918-ci il may ayının 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir. Ömrünün qısa olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlara hakim kəsilən müstəqillik ideyası onillərlə yaşadı. Xalqımız ötən müddət ərzində milli dövlətçilik atri­butlarının bir çoxunu qoruyub saxladı. Bu məsələdə Ümummilli Lider Heydər Əliyev müstəsna xidmətlər göstərdi. Dahi şəxsiyyətin Azərbaycanda uğur­la gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qay­tardı, milli mənlik şüuru yeni inkişaf mərhələsinə yüksəldi. Respublikamız­da azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən ümummilli lider Heydər Əliyev hələ sovet dövründə – 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində milli dövlətçiliyimiz yenidən süquta uğramaq təhlükəsindən xilas oldu.

Ulu öndər fəaliyyətinin bütün dövrlərində Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərinə, onun ənənələrin yaşadılmasına daim yüksək önəm vermiş, Cümhuriyyətə abidə ucadılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir.

Xalq Cümhuriyyətinin varisi olaraq ümummilli lider Heydər Əliyev tərəfindən qurulan və möhkəmləndirilən müstəqil, demokratik Azərbaycan Respublikası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövrünü yaşayır. Ulu öndərin dövlətçilik ideyaları uğurla həyata keçirilərək ictimai-siyasi həyatımızın bütün sahələrində yüksək nailiyyətlər qazanılmaqla müasir tariximizin yeni, şanlı səhifələri yazılır.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər