Ölkənin qabaqcıl kənd təsərrüfatı rayonları sırasında yer olan Ağcabədi aqrar
sektorun inkişafında böyük uğurlara imza atır. Burada işin səmərəli təşkili, mütərəqqi
texnologiyaların, qabaqcıl təcrübənin yaradıcılıqla tətbiqi fərəhli nəticələr
verməkdədir. Respublika Prezidenti İlham Əliyevin ənənəvi kənd təsərrüfatı
sahələrini inkişaf etdirmək barədə tapşırıq və tövsiyyələrini özlərinin konkret
fəaliyyət proqramına çevirən kənd əməkçiləri pambıq, taxıl, meyvə-tərəvəz,
heyvandarlıq məhsulları istehsalında hər il yüksək nailiyyətlər qazanır, ərzaq
Təhlükəsizliyi Dövlət Proqramının icrasına sanballı töhfələr verirlər.
Ağcabədililər “Heydər Əliyev ili”ndə yeni zirvələr fəth etmək, qazanılmış
nailiyyətləri daha da artırmaq əzmi ilə çalışırlar. İndi yazın bu oğlan çağında
kəndlinin qayğılı günləridir. Taxıl zəmilərində, pambıq tarlalarında adamlar həvəslə
çalışır, ilin bol məhsuluna etibarlı bünövrə qoymağa səy göstərirlər. Rayonun
təsərrüfatlarında bu ilin məshulu üçün 38 min hektara taxıl əkilmişdir. Keyfiyyətli
toxum, aqrotexniki tələblər əsasında becərmə hesabına zəmilər bol məhsuldan xəbər
verir. Keçən il hər hektardan orta hesabla 40 sentner məhsul götürən “sarı kəhrəba”
ustaları indi yeni hədəflər uğrunda mübarizə aparır, məhsuldarlığı daha da artırmaq
üçün zəruri tədbirlər görürlər. Hər yerdə alaq otlarına qarşı kimyəvi mübarizə
aparılmış, sahələrə tələb olunan normaya uyğun yemləmə gübrəsi verilmişdir. Artıq
zəmilər yavaş-yavaş saralır. Taxılçının qayğısı isə azalmır. İndi zəmilər son dəfə
suvarılır. Buna dən suyu da deyilir. Dən suyunun məhsuldarlığa, son nəticəyə
əhəmiyyətli təsiri vardır. Sudan korluq çəkməyən sünbülün dəni fərqli, daha iri olur.
Artıq taxıl biçininə sayılı günlər qalır. Keyfiyyətli təmir edilib start xəttində
saxlanılan kombaynlar tezliklə zəmilərin aylardan bəri davam edən sükutunu
pozacaq, bərəkətli düzlərimizin bol məhsulu min bir həvəslə yığılıb tədarük
olunacaqdır. Təki süfrəmizin çörəyi bol olsun. Müharibə şəraitində yaşayan bir ölkə
üçün silah qədər çörək də çox önəmlidir.
Qarabağa erkən gələn yaz Ağcabədi pambıqçısına qol-qanad verir. “Ağ qızıl”
sözün həqiqi mənasında bu yerlərin şöhrətidir. Ağcabədi istər sovet dönəmində,
istərsə də müstəqilik illərində respublikanın pambıqçılıq rayonlarının əmək bəhsində
həmişə ön mövqedə olub, qabaqcıllar sırasında qərar tutub. Bu ənənə son illərdə də
uğurla davam etdirilir. Dövlət üçün strateji məhsul olan pambıq kəndli üçün iş
yeridir, dolanışıq, xoş güzəran, firəvan həyat mənbəyidir. Ağcabədinin tarla
bahadırları keçən il böyük uğurlara imza atıb, yüksək məhsuldarlığa nail olublar. Cari
ildə isə məqsəd nailiyyətləri daha da artmaqdır. Bu məqsədlə 11.444 hektarda çiyid
səpini yüksək aqrotexniki qaydalar əsasında aparılıb. Çəkilən zəhmətin nəticəsi
olaraq hər yerdə yaxşı bitiş alınıb. Hazırda tarlaların birinci kompleks becərmə
işləri müvəffəqiyyətlə davam etdirilir. Cərgə aralarına kultivasiya çəkilir, sahələrə
yemləmə gübrəsi verilir. Həmişə suvarma suyundan korluq çəkən Ağcabədi
pambıqçısının indi üzü gülür. Əlbəttə bu, səbəbsiz deyil. Uzun illərin fasiləsindən
sonra Araz çayının suyu yenidən Ağcabədinin əkin sahələrinə can verir. Çiyid
səpinindən sonra ehtiyac duyulan sahələri operativ qaydada, ləngimədən suvara bilən
kəndlilər dövlətin bu qayğısını minnətdarlıqla qarşılayırlar. Qürurla deyə bilərik ki,
bu əlamətdar hadisə 44 günlük müharibədə şanlı qələbənin ürək açan, qürur verən bir
ərmağanıdır.
Keçən il rayonun təsərrüfatlarında 40.362 ton pambıq istehsal edilmiş, hər
hektarın orta məhsuldarlığı 34,1 sentner olmuşdur. Respublikanın pambıqçılıq
rayonları arasında yüksək göstəricisi olan bu nəticənin qazanılmasında ayrı-ayrı
fermer təsərrüfatlarının böyük əməyi olmuşdur. Çəkdikləri zəhmət, axıtdıqları alın
təri dövlət tərəfindən yüksək qiymətləndirilən, sinələrini müxtəlif orden və medallar
bəzəyən Etibar Şirinovun, İskəndər Hüseynovun, Seymur Quliyevin, Raqub
Qasımovun və bir çox başqa qabaqcıl pambıqçının rəhbərlik etdiyi təsərrüfatlarda
tarlaların orta məhsuldarlığı 55-60 sentner təşkil etmişdir. Qabaqcıllıq mövqeyini
qoruyub saxlamaq, daha yüksək nəticələr qazanmaq üçün onlar indidən aqrotexniki
tələblərə ciddi əməl edir, məhsul bolluğuna etibarlı bünövrə qoymağa çalışırlar.
İndi kümçülərin də qayğılı günləridir. Böyük zəhmət bahasına hasilə gələn
baramanın tədarükünə start verilmişdir. Rayon kümçüləri bu il 700 qutu ipək qurdu
bəsləyiblər. Keçən il rayonun təsərrüfatlarında 33.5 tondan çox yüksək keyfiyyətli
barama istehsal olunmuşdur. Son nəticə olaraq hər qutu ipək qurdundan əldə edilən
nəticə 40 kiloqrama yaxındır. Əlbəttə bu, yaxşı göstəricidir.
Baramaçılıq kəndli üçün son dərəcə əlverişlidir. Məhsul uzağı ay yarıma hasilə
gəlir. Qısa müddət ərzində yaxşı qazanc əldə etmək mümkündür. O da qeyd
edilməldir ki, baramaçılığın inkişafı üçün rayonda etibarlı yem bazası yaradılmışdır.
Qabaqcıl baramaçı, təcrübəli aqronom Ələmdar Abbasov söhbət zamanı əminliklə
vurğuladı ki, kümçülərimiz bu il böyük uğura imza atacaqlar. Bu il həm toxumu
keyfiyyətli idi, həm də qulluq işləri yüksək zoobaytar qaydaları əsasında aparılıb.
Mövsüm ərzində heç bir xəstəlik müşahidə olunmadı. Hər qutudan 40 kiloqramdan
çox barama istehsal olunacağı realdır.
Müsahibimiz baramaçılığın inkişafına dövlətin də böyük önəm verdiyini
minnətdarlıqla vurğuladı. Belə ki, müvafiq şirkət hər kiloqram baramanı 5 manata
alır. Dövlət isə hər kiloqram baramaya görə 6 manat subsidya verir. Sonda kümçü
təhvil verdiyi hər kiloqram barama qarşılığında 11 manat qazanc əldə edir. Üstəlik
şirkətin də maraqlı təklifi var. Hər qutu hesabı ilə 40 kiloqramdan artıq verilən
baramanın hər kiloqramına görə şirkət tərəfindən 1 manat əlavə ödəniş tətbiq olunur.
“Heydər Əliyev ili”ni yüksək nailiyyətlər ilinə çevirmək, dövlətin iqtisadi
gücünü artırmağa güc qatmaq üçün Ağcabədidə bütün imkanlar, əmək ehtiyyatları
səfərbərdir. Ən başlıcası odur ki, Ağcabədi kəndlisi məqsəd aydınlığı ilə çalışır,
nəyin uğrunda mübarizə apardığının fərqindədir. Rayonda formalaşan sağlam
mənəvi-psixoji mühitin real sosial-iqtisadi inkişafa əhəmiyyətli təsirini sübut etməyə
ehtiyac yoxdur. Burada vətəndaş-məmur münasibətləri son dərəcə həssaslıqla idarə
olunur. Rayon rəhbəri ilə görüşmək, ona dərdini, odunu demək, kömək istəmək hər
bir rayon sakini üçün əlçatandır. Rayon icra hakimiyyətində vətəndaş qəbuluna,
müraciət və təkliflərə operativ, qayğı və diqqətlə baxılması, bu yöndə obyektiv və
ədalətli qərar çıxarılması, əməli tədbirlər görülməsi üçün yaradılmış mütərəqqi
struktur səmərəli fəaliyyəti ilə hər kəsdə məmnunluq doğurur, dövlətin xalq üçün
çalışdığı fikrinin əyani təzahürünə çevrilir. Ağcabədi rayon İcra Hakimiyyətinin,
başçısı Rafil Hüseynovun dedikləri də bu fikrin təsdiqi oldu:
-Respublika Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, dövlət
məmurunun əsas vəzifəsi xalqa xidmət etməkdir. Bu ciddi tapşırıq dövlət baççısının
fəaliyyətimizə verdiyi aydın istiqamətdir və üzərimizə qoyulan son dərəcə şərəfli
missiyadır. Bu missiyanın məsuliyyəti də yetərincə böyükdür. Bu məntiqi qəbul
etməyiliyik ki, müraciət edən vətəndaş qayğı və diqqət görməyəndə hansısa konkret
şəxsdən yox, dövlətdən narazı qalır. Biz bütün gücümüzü, səy və bacarığımızı
səfərbər edərək çalışırıq ki, bu yöndə xırda bir narazılıq da olmasın, xalq-dövlət
birliyinə zərrə qədər də kölgə düşməsin. İmtiyazlı şəxlərə, şəhid ailələrinə, qazilərə,
müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərilir.
Rayon icra hakimiyyətində fəaliyyət göstərən Müraciətlərə Operativ Baxılması
(MOB) mərkəzinin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir ki, əvvəlki illə
müqayisədə respublikanın müxtəlif dövlət strukturlarına yazılan ərizə və şikayətlərin
sayı təxminən 60 faiz azalmışdır.
Bu gün Ağcabədidə hər kəs öz işi ilə məşğuldur. Təsərrüfat işləri öz axarı ilə
davam edir.
Taxıl zəmilərinddə, pambıq tarlalarında heyvandarlıq müəssisələrində bolluq,,
firavanlıq uğrunda əmək bəhsi zərbəçi ahəng olur. 44 günlıük savaşın zəfər ovqatı
könüllərə sonsuz qurub-yaratmaq həvəsi verir.
Lazım Quliyev
“Azərbaycan”
