“Aran” xəbər verir ki, may ayının 31-də respublika üzrə keçən qeyri-sabit hava şəraiti Ağcabədidə də təsirini göstərib. Belə ki, leysan yağışla müşahidə olunan güclü külək nəticəsində rayonun mərkəzində, rayonun Hindarx qəsəbəsi, Kəhrizli, Sarvanlar, Yuxarı Qiyaməddinli, Boyat, Hacılar, Kürdlər, Arazbar, Rəncbərlər, Hüsülü kəndlərində ağacların aşması nəticəsində evlərə, həmçinin rayon ərazisində elektrik təsərrüfatına və rabitə xətlərinə ciddi ziyanlıq dəyib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları dərhal ərazidə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər aparıb. Eyni zamanda, hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən yerlərdə dəymiş ziyan barədə məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, rayonun Hindarx qəsəbə sakini, 1963-cü il təvəllüdlü Məmmədov Allahverən Qəzənfər oğlu əsən güclü külək səbəbindən ağacın qırılaraq üzərinə düşməsi nəticəsində həyatını itirib.











