Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 28-də Müstəqillik günündə Laçın şəhərində olmuş, Heydər Əliyev, Zəfər, 28 may, Xosrov bəy Sultanov, Zəngəzur, 1 Dekabr küçələrinin lövhə açılışında iştirak edib. Dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüş keçirib, evlərin açarlarını onlara təqdim edib. Bundan başqa cənab Prezident “ İşğal” və “Zəfər” muzeylərinin, ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub, tikinti işləri davam edən idman kompleksi ilə tanış olub və bir sıra ekosistemin bərpası istiqamətində layihələrdə iştirak edib.
Prezident Laçın şəhərində əhali ilə görüşü zamanı çıxışında bir sıra mühüm məqamlara toxunub, müəyyən açıqlamalar verib: “Bu gün Müstəqillik günüdür. Əziz laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu görüşü məhz 28 may tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün Müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.”
Hamının bildiyi kimi 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizə nəticəsində torpaqlarımızın xeyli hissəsi, o cümlədən Laçın ermənilərin işğalına məruz qaldı. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli niyyətlər dayanırdı. Bütün bu siyasi oyunların qarşısını Ümummilli Lider Heydər Əliyev Azərbaycana yenidən siyasi rəhbərliyə qayıtması ilə son qoyuldu. Ölkəmiz düşdüyü ağır bəlalardan tədricən azad olmağa başladı, vətəndaş müharibəsinə son qoyuldu, dinamik inkişaf ölkəmizin əsas hədəfinə çevrildi, ordu quruculuğuna mühüm önəm verildi. İstər Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə, istərsə də cənab İlham Əliyevin 2003-cü ilin oktyabr ayında Prezident seçildiyi ilk günlərdən başlayaraq Ermənistanla münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışmış, lakin mənfur düşmən bu addımlara adekvat cavab verməmişdir. Ona görə də Azərbaycan Ermənistanın müharibə ritorikasına uyğun cavab vermək məcburiyyətində qaldı. Dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi.
Güclü iqtisadiyyat, güclü ordu, gözəl gənc nəslin-vətənpərvər, milli ruhda tərbiyə almış gənclərin qəhrəmanlığı sayəsində 2020-ci ili sentyabrın 27-də başlayan və cəmi 44 gün ərzində Qələbə sevincini xalqımıza yaşadan Müzəffər Ordumuz öz sözünü dedi. Üçtərəfli kapitulyasiya aktına imza atan ermənistan sonradan bəyanatdakı bir sıra müddəalara əməl etməkdən boyun qaçırır. Lakin aparılan danışıqlar, siyasi və diplomatik müstəvidə görülən işlər bizdə əminlik yaradır ki, sülh müqaviləsinin imzalanmasına heç də çox vaxt qalmamışdır.
İndi ölkəmizin işğaldan azad edilən bütün ərazilərində bərpa, yenidənqurma və tikinti işləri sürətlə gedir, əhalinin məskunlaşması üçün zəruri olan infrastrukturlar yaradılır. Vaxtilə məcburi köçkün kimi doğma ocaqlarını tərk etmiş insanlar artıq yaşayış məntəqələrinə, dədə-baba yurdlarına qayıdırlar. Bu gün Laçın şəhərinə bir qrup əhalinin qayıtması onu sübut edir ki, cəmi 7-8 ay ərzində tamamilə yenidən qurulan və Baş planı tam hazırlanmış Laçın şəhəri tezliklə bütün əhalisini öz doğma qoynuna alacaqdır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini