Əslində bu səfərə əməkdaşımız, qəzetimizin nəzdində fəaliyyət göstərən “Aran Ağcabədi” internet televiziyasının redaktoru Gündüz Sevindik gedəcəkdi. Yəni mən bugünədək artıq iki dəfə Şuşada olmuşdum və növbəti səfərə onun getməsi daha məqsədəuyğun idi. Amma səhhəti ilə əlaqədar gedə bilmədiyi üçün yenə də bu yolçuluq mənə qismət oldu…
Qoy lap əvvələ qayıdaq. Bir müddət əvvəl – 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə şəhid anaları Şuşaya səfər etmək arzularını rayon rəhbərinə bildirmişdilər. Elə o vaxtdan bu işlərə hazırlıq gedirdi. Nəhayət, iyun ayının 4-ü üçün vaxt müəyyən olundu. Şuşaya şəhid ataları, şəhid anaları və şəhid xanımları ilə bərabər Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini – Baş həkim Təranə Məmmədova və yerli mətbuat nümayəndələri – yəni mən və operatorumuz Kənan İsayev də gedəcəkdik.
Səhər saat 06-30-da artıq ziyarətçilər üçün ayrılmış avtobus Heydər Əliyev Meydanında idi. Şəhid ailələrini Şuşaya yola salmaq üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın digər əməkdaşları, ziyalılar meydana toplaşmışdılar.
Öncə şəhid ailələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzdülər. Rayon rəhbəri Rafil Hüseynov bu səfərin məhz şəhid analarının istəyi ilə baş tutduğunu bildirdi, torpaqlarımızı düşmən işğalından azad edən oğulların şücaətindən söz açdı, ziyarətçilərə öz ürək sözlərini çatdıraraq onlara uğurlu yol arzuladı.
Avtobus yola düşdü. Bu səfərin əvvəlki səfərlərimdən fərqli, çox çətin olacağını bilirdim. Və gözlədiyim kimi də oldu. Yolboyu içini çəkən, dodağının altında nələrsə pıçıldayaraq üzünü gizlətməyə çalışan anaları müşahidə etmək ağır idi. Böyrümdə əyləşən şəhid anası heç sakitləşmək bilmirdi. Ağladığını hiss etdirməməyə çalışsa da hıçqırtıları, çiyninin atılıb düşməsi, oğlunun adını çəkərək körpə uşaq kimi əzizləməsi, oxşaması məni məndən alırdı. Artıq Füzuli ərazisində olduğumuzu eşidəndə o, həyəcanla üzünü pəncərəyə bir az da yaxınlaşdıraraq : – Burda… burda döyüşüb, burda şəhid olub balam, ay Allah,- deyərək yollara elə həsrətlə, elə ümidlə baxdı ki, göz yaşlarımı saxlaya bilmədim. Bayaqdan ona təsəlli verib oğlunun bir qəhrəman olduğunu söyləyirdimsə, indi mən də öz göz yaşlarımı ondan gizləməyə çalışırdım… Yolboyu gözünü pəncərədən çəkmirdi ana. Dağıdılmış divarlar, kol-kos basmış evlər, yandırılmış yerlər arasında oğlundan hansısa iz, hansısa nişanə tapacağı ümidi ilə heç bir daşı, heç bir ağacı belə nəzərdən qaçırmırdı…
Gözüm şəhid analarında idi. Onları sonadək müşahidə etmək, Şuşaya getməklə Şuşadan gəlmək arasındakı fərqi görmək istəyirdim. Bəli, bu fərq nəinki qayıdanda, artıq Şuşaya yaxınlaşdıqda belə hiss olunmaqda idi. Şəhərə doğru irəlilədikcə şəhid ailələrinin üzündə bir dəyişiklik hiss olunurdu. Bayaqdan yalnız kədər, ağrı dolu nidalar, hıçqırtılar eşidilirdisə, indi burada görülən işləri müşahidə etdikcə sanki yaralarının üstünə su səpilirdi. Dolambac yolları qalxdıqca, yüksəkliyə doğru getdikcə, Şuşanın necə alınmaz qala olduğunu gördükcə heyrətlə ətrafı izləyir, üzlərində bir işıq görünür, qürur hissi keçirdiklərini açıq – aşkar büruzə verirdilər. Yolboyu ağlayaraq oğlunun izlərini axtaran ana aşağılara boylanaraq yavaşca mənə pıçıldadı:
– Gör hara gəlib çıxmışıq ey… Yəni bizimkilər buralara qədər gəlib, buraları onlar azad edib? – Əlbəttə, ay ana, bəs mən niyə deyirəm ki, onlarla qürur duyun, ağlamayın. Təsəvvür edirsiniz, buraları azad etmək necə çətin olub? Amma onlar bacarıb.
Ana daha ağlamırdı… Susmuşdu. Yenə pəncərədən çölə boylanırdı. Amma fəxrlə, həm də heyrətlə…
Yol qırağındakı qıpqırmızı lalələr boy-boya düzülərək sanki bizə əl edirdilər. Bilmirəm, nədənsə onları görəndə ağlıma ilk gələn şəhidlərimizin tökülən qanı oldu. Və hiss edirdim ki, tək mən yox, lalələrə sarı boylanan hər kəs belə düşünürdü…
Şuşaya çatdıqdan sonra bələdçimiz Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı oldu. Öncə Cıdır düzünə getdik. Şəhid valideynlərinin neçə müddətdir gözlədiyi gün gəlib çatmışdı. Üzərində övladlarının əksi olan bayraqları açaraq sanki onlarla xəyalən dialoqa girmişdilər. Mənə elə gəldi ki, şəhid anaları bütün şəhid ruhlarının məhz Cıdır düzündə toplaşdığını düşünürlər. Bütün şəhidlərin onları gördüyünü, dinlədiyini hiss edirlər.
Oğlu Şuşa döyüşlərində şəhid olan Zülfiyyə Rəhimova özü ilə gətirdiyi çiçəkləri qayalardan aşağı, oğlunun yara aldığı Topxana meşəsi tərəfə səpərək təsəlli tapmağa çalışdı:- “ Ömərim mənə demişdi ki, səni Şuşaya aparacam, amma olmadı, mən özüm gəldim” – dedi. Digər şəhid analarından da bəziləri özləri ilə gətirdikləri gül ləçəklərini, Ağcabədi torpağını qayalara səpərək oğullarını harayladılar, bununla onları doğulduqları yerin torpağına, qoxusuna qovuşdurmağa çalışdılar, bəziləri sadəcə susub övladlarının xəyalı ilə baş-başa qaldılar… Burada I və II Qarabağ müharibəsinin iştirakçısı olan şəhidlərin ailə üzvləri, Aprel döyüşlərinin şəhidi Dilsuz Qarayevin, ermənilərin 13 sentyabr təxribatının qarşısı alınarkən sinəsini sipər edən Emin Fərzəliyevin anaları da iştirak edirdi. Və onlar həm fərqli, həm də oxşar hisslər yaşayırdılar.Torpaqlarımızın itirilməməsi, işğaldan sonra isə azad olunması üçün aparılan mübarizədə yolu açanlar, mübarizəni davam etdirənlər və qalibiyyəti əldə edənlərin ailə üzvlərini birləşdirən ortaq fikir isə bir idi: “Biz qalibik! Biz, Zəfər qazandıq!”
Sonra M.P.Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi , Şuşa qalası ziyarət olundu. Xatirə fotoları çəkildi. Açığı bu səfər üçün xəyalımdakı çəkilişlərin heç birini edə bilmədim. Çünki ziyarətçilər dağınıq şəkildə gəzir, onları bir yerə toplamaq çətin olurdu… Amma bu gün şəhid ailələrinin günü idi, ziyarət onlar üçün təşkil olunmuşdu. Onların ürəyi necə istəyir, elə də olmalı idi. Bunu bildiyim üçün də hazırlayacağım reportajın mənim yox, onların istəyinə uyğun qurulacağına hazırlıqlı idim.
Son ziyarət yerimiz Güllələnmiş heykəllərin qarşısı idi. Bələdçi abidələrin müharibədən əvvəlki və sonrakı taleyi haqqında ətraflı məlumat verdi. Bu vaxt Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin digər nümayəndəsi də ziyarətçilərə yaxınlaşaraq onları salamladı, şəhid ailələrinin Şuşaya səfərini yüksək dəyərləndirərək bundan sonra da onlara dəstək olmağa, Şuşaya səfərləri üçün şərait yaratmağa hazır olduqlarını bildirdi.
Sonra elə həmin yerdə iştirakçılar tərəfindən “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı səsləndirildi.
Nəhayət, Ağcabədiyə yol aldıq. Artıq avtobusda səhərki insanlardan tamamilə fərqli insanlar görürdüm. Səhər yola düşərkən boynubükük, ürkək, ağrı dolu çiyinlərini saxlamağa gücü çatmayan, gedəcəyi ünvanda özünü necə toparlayacağını düşünən ziyarətçilər indi rahat, köksü qürur hissi ilə dolu qayıdırdılar. Şuşada görülən işlərlə, çəkilən yollarla tanış olduqdan sonra bir şəhid atasının: “Bunları başa gətirmək asan iş deyil ha” deməsi də diqqətimdən yayınmadı. Bəli, bunları başa gətirmək asan iş deyil. Torpaqlarımızı azad etmək də asan iş deyildi. Ali Baş Komandanın rəhbərliyi altında o yerləri məhz qəhrəman oğullarımız azad etdi və onun rəhbərliyi ilə indi bu torpaqlara yenidən həyat qayıdır.
Səfərimizdən çıxardığım nəticə də bax elə bu oldu. Övlad itkisi ilə barışmağa çətinlik çəkən şəhid valideynləri bu gün gördüklərindən sonra bir təsəlli tapdılar, oğullarının qanının hədər getmədiyinə özləri şahid oldular. Bu Zəfərin əbədi zəfər olduğuna, oğullarının ruhunun daim şad olacağına qəlbən inandılar. Mən əminəm ki, bugündən sonra onlar öz övladları ilə daha böyük qürur duyacaq, daha çox fəxr edəcəklər.












Məhsəti MUSA