Sən elə bir zirvəsən!

Ulu Tanrı dünyanı və insanları yaradarkən insanlar içərisində özünün sevib-seçdiyi tarixi şəxsiyyətləri önə çəkdi, tanıtdı. Məhz bunun sayəsində də dünyanın tarixini yazanlar elə seçilmiş insanlardır. Bu insanların həyatı, taleyi, fəaliyyəti, məqsəd və məramları çox maraqlı, qeyri-adiliklə zəngin olduğu üçün onlar haqqında daha çox öyrənmək, daha çox düşünmək istəyirsən.

Tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki, tarix yaratmaq, tarix yazmaqdan qat-qat çətindir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər həm də yeni tariximizdə, xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi.

Ümummilli lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi.

Ulu öndər müstəqil Azərbaycanın bütün sahələrinə, o cümlədən təhsil sahəsinə də böyük qayğı göstərib. Dahi rəhbərin  məhz təhsil haqqında söylədiyi həmin parlaq fikirlər onun bu sahəyə necə diqqət göstərdiyinin, dəyər verdiyinin aydın göstəricisidir. “Təhsil millətin gələcəyidir.” “Mən dünyada müəllimdən yüksək ad tanımıram” və bu kimi onlarla kəlamı nümunə göstərmək olar.

Mən də ulu öndərimizin yüksək qiymətləndirdiyi təhsil işçilərindən biriyəm və Ağcabədi şəhər Məmməd Aranlı adına 11 saylı tam orta məktəbdə Azərbaycan və rus dili fənlərini şagirdlərimə sevə-sevə öyrətməklə yanaşı, onlarda vətənpərvərlik eşqini  aşılayıram.

2023-cü il mayın 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olundu və bu istiqamətdə silsilə tədbirlər davam edir.

Biz,11 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi də ulu öndərimizin 100 illiyi münasibətilə tədbirlər keçirir və onun xatirəsini yada salır, daim əziz tuturuq.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” şüarını hər bir şagird dilində əzbər edib. Məktəbimizin ibtidai sinif müəllimi Sevinc Mamedova, Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Pəsiyevanın və digər təcrübəli müəllimlərin keçirdiyi dərslər çox yaddaqalan olmaqla yanaşı şagirdlərimizdə vətənpərvərlik hissini daha da gücləndirir.

Ulu öndər haqqında nə qədər yazsaq, nə qədər danışsaq, mahnılar bəstələsək, şeirlər yazsaq, filmlər çəksək yenə də azdır. Sonda fikrimi Heydər Əliyevin öz xalqına necə bağlı olduğunu göstərən şair Baba Vəziroğlunun şeirindəki sətirlərlə tamamlamaq istəyirəm.

Sən elə bir zirvəsən, küləklər neyləcək?

Dünənim, bu günümsən, səninlədir gələcək.

Nə qədər Azərbaycan, nə qədər bu millət var. –

Heydər “Xalqım” deyəcək, xalq “Heydər” söyləyəcək!

Sevda Mamedova,

Şəhər 11 saylı tam orta məktəbinin

rus dili və ədəbiyyat müəllimi

Şərhlər