HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olmuşdur. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri olan görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.

Ümumilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə ölkə həyatının bütün sahələrində güclü inkişaf baş vermişdir. Təbii ki, bu inkişaf milli ədəbiyyatımızdan, Azərbaycanda cərəyan edən ədəbi prosesdən də yan keçməmişdir.

Böyük ədəbiyyat bilicisi və ədəbi dəyərlərin qorunmasının, inkişafının təminatçısı olan Heydər Əliyev bu sahənin hərtərəfli tərəqqisini daim diqqət mərkəzində saxlayırdı. Onun bu istiqamətdəki fəaliyyəti ilə bağlı indiyə qədər bir sıra əsərlər yazılaraq ortaya qoyulsa da, yenə azdır və araşdırılası, yazılası mühüm mətləblər hələ də var. Çünki Heydər Əliyevin fəaliyyət dairəsi o qədər geniş, zəngin, dəyərli və aktualdır ki, hər zaman ona müraciət etmək, ondan bəhrələnmək aktual olduğu qədər də müasirdir.

Heydər Əliyev gözəl bilirdi ki, bir xalqı yaşadan, onu var edən, digər xalqlar arasında mövcudluğunu göstərən onun ədəbiyyatıdır, dilidir. Məhz buna görə də ulu öndərimiz bu sahəyə həddindən artıq həssaslıqla yanaşırdı. Hər zaman bu istiqaməti diqqətdə saxlayır və lazımi işlər görürdü. Elə bu səbəbdən də Heydər Əliyev “Milli ədəbiyyatsız milli siyasət yoxdur” qənaətinə gəlirdi. Bu fikri özü üçün əsas tutan Ümumilli lider klassiklərimizi, şair və yazıçılarımızı, o cümlədən mühüm əbədi abidələrimizi daim diqqət mərkəzində saxlayırdı. Buna müvafiq olaraq da, onların yubileylərinin keçirilməsi istiqamətində müvafiq sərəncamlar imzalayırdı. Bu baxımdan ulu öndərin “Kitabi-Dədə Qorqud” eposunu uca tutması və bu abidənin 1300 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi istiqamətindəki xidmətləri çox əhəmiyyətlidir.

Mərhum professor Seyfulla Əsədullayev “Heydər Əliyev və ədəbi proses” adlı əsərində Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, yazıçı və şairlərimizə əsl atalıq qayğısından bəhs etmişdir. Kitabın ən maraqlı fəsillərindən birində, Heydər Əliyevin Azərbaycan ədəbiyyatının ən nüfuzlu nümayəndələri, klassik və müasir ədibləri barədə fikirlərinə yer verilmişdir. Bu fəsillərdə Füzulidən Hüseyn Cavidə və Səməd Vurğuna qədər, Nəriman Nərimanovdan, Üzeyir Hacıbəyovdan, Rüstəm İbrahimbəyova qədər neçə-neçə Azərbaycan şair və ədibi barədə dəyərli fikirlər əks olunmuşdur.

Bu fikirləri diqqətlə nəzərdən keçirdikcə Heydər Əliyevin yüksək ədəbi zövqünə, mülahizələrinin dərinliyinə heyranlıq hissi daha da güclənir.

Ümumilli liderin ədəbiyyat barədə, ədəbi mühit və ədəbi proses haqqında son dərəcə dəqiq və geniş biliklərə malik olduğu burada bir daha özünü göstərir.

Bu baxımdan Azərbaycan poeziyasının dahi klassiki, dünya ədəbiyyatının korifeyləri sırasına daxil olan Nizami Gəncəvinin irsinin öyrənilməsi, nəşri və təbliği ilə bağlı ölkəmizdə və kənarda 1970-ci illərin sonundan etibarən görülən işlər misilsiz idi.

Kompleks şəkildə Nizami irsinin öyrənilməsinə 1979-cu il yanvarın 6-da verilən qərardan sonra başlandı. Bu qərarın tələblərindən irəli gələn vəzifələri yerinə yetirmək üçün həmin dövrdə AMEA-nın Rəyasət heyətinin qərarı ilə Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda nizamişünaslıq şöbəsi yaradıldı. N.Gəncəvi irsi ilə bağlı tarixi qərarın ən mühüm nəticəsi qısa müddətdə və yüksək elmi-poliqrafik keyfiyyətlə çap olunması, şairin əsərlərinin Azərbaycan və rus dillərində yeni sətri tərcümələrin hazırlanması ulu öndərin rəhbərliyi ilə həyata keçirilmişdir. Nizami Gəncəvinin irsi Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qərar yalnız Nizaminin deyil, ümumi Azərbaycan xalqını tanımağa, təbliğ etməyə xidmət edən tarixi bir sənəd idi.

Məhəmməd Füzulinin yubileylərinin beynəlxalq miqyasda qeyd olunmasına hazırlıq məhz Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıtmasından sonra başladı.

Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəffəkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən böyük qiymətdir. Heydər Əliyev hər bir çıxışında Məhəmməd Füzulini yalnız Azərbaycan sərhədlərindən kənarda deyil, ölkə daxilində də yaxşı tanıdılmasını, əsərlərinin hər bir azərbaycanlı ailəsinə çatdırılmasının əhəmiyyətli olduğunu bildirirdi.

Azərbaycan ədəbiyyatının digər klassikləri kimi İmadəddin Nəsiminin yaradıcılığına yüksək qiymət verən Heydər Əliyev şairin yubileyinin keçirilməsini, bədii irsinin tədqiqi və nəşrinin həyata keçirilməsinə böyük diqqət və qayğı göstərmişdir.

Təkcə Nizami, Füzuli, Nəsimi yox, Molla Pənah Vaqif, M.F.Axundov, N.Nərimanov, C.Məmmdəquluzadə, H.Cavid, Ü.Hacıbəyov və başqa ədəbiyyat nümayəndələri də həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.

Heydər Əliyev öz doğma xalqının ədəbiyyatına, mədəniyyətinə diqqət, qayğı göstərməklə yanaşı eyni zamanda himayədarlıq etməklə yanaşı, bu mənəviyyat sahələrinin dərin bilicisi, təbliğatçısı olmuşdur.

Ulu öndər Azərbaycan folkloruna, klassik irsinə kimi, müasir ədəbiyyatımıza, onun nümayəndələrinə də həmişə böyük ehtiram, diqqət və qayğı ilə yanaşmış, onların hər birinin əsərini, əməyini yüksək qiymətləndirərək mükafatlandırmışdır.

Heydər Əliyevin rəhbərliyi dövrlərində bir çox sənətkarlarımızın yubileyləri təntənə ilə qeyd olunmuşdur. Ədəbiyyatımızın inkişafında xidmətlərinə görə o, Süleyman Rəhimovu, İmran Qasımovu, İlyas Əfəndiyevi müxtəlif ordenlərlə təltif etmişdir.

Heydər Əliyev Nəbi Xəzrini ədəbiyyatımızın inkişafında fəal xidmətlərinə görə 1980-ci ilin mayında Əməkdar İncəsənət xadimi adı ilə mükafatlandırmışdır.

Anadan olmasının 75 illiyi ilə əlaqədar olaraq Heydər Əliyev Süleyman Rüstəmi Azərbaycan Respublikası Ali Sovetin Rəyasət Heyətinin Fəxri fərmanı, anadan olmasının 60 illiyi münasibətilə Balaş Azəroğlunu “Xalqlar dostluğu ordeni” ilə mükafatlandırmışdır. Təqdimat mərasimində Heydər Əliyev Balaş Azəroğlunun yaradıcılığından danışaraq onun şeirlərinin bir çoxunun 40-ci illərinin əvvəllərində Cənubi Azərbaycanda gedən ictimai-siyasi proseslərin təsiri, şah istibdadına, sosial zülmə və milli istismara qarşı mübarizə mövzusu olduğunu qeyd etmişdir.

Ümumilli lider hər şeydən əvvəl öz xalqının, öz vətəninin vurğunudur. Sonra ana təbiətin, ana dilinin, poeziyanın, şeirin-sənətin, ədəbiyyatın, musiqinin, rəssamlığın, memarlığın, gözəlliyin vurğunudur. O, şeirimizi, istər klassik, istərsə də çağdaş ədəbiyyatı çox sevir, duyur, mənalandırır, dəyərləndirirdi.

Respublikamız müstəqillik əldə etdikdən sonra yenidən hakimiyyətdə olan ümumilli lider Heydər Əliyev bütün sahələrə qayğı göstərdiyi kimi ədəbiyyatımızı da diqqətdən kənarda saxlamamış, hətta Azərbaycanın görkəmli mütəfəkkir şairi Hüseyn Cavidin məzarını uzaq Sibirdən doğulduğu doğma torpağa, Naxçıvana gətirmişdir.

1995-ci ilin aprelin 16-da məhz onun təşəbbüsü ilə müasir ədəbiyyatımıza öz gözəl töhfələrini vermiş Məmməd Arazın yaradıcılıq gecəsi ilə əlaqədar olaraq ona respublikanın ən ali mükafatı olan “İstiqlal” ordeni vermişdir. Eyni zamanda bu ali mükafat Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürkə də təqdim olundu.

1995-ci il dekabrın 9-da Heydər Əliyev Azərbaycan ədəbiyyatında və mədəniyyətində özünəməxsus yer tutan Yusif Səmədoğlunu müstəqil Azərbaycanın yüksək mükafatı – “Şöhrət ordeni” ilə təltif etmişdir. Elə həmin dövrdə Heydər Əliyevin iştirakı ilə Yusif Səmədoğlunun 60 illik yubileyi də keçirilmişdir.

Təkcə ədəbiyyatımızda Heydər Əliyevin birbaşa tövsiyyəsi ilə ərsəyə gətirilmiş neçə-neçə dəyərli, fundamental əsərlər mövcuddur. Bunlara misal olaraq xalq şairi Söhrab Tahir, Azər Azərin “Ata” və Nəriman Həsənzadənin “Nəriman” poemasının adlarını cəsarətlə çəkmək olar.

Bəxtiyar Vahabzadə “Gülüstan”,  Nəriman Həsənzadə “Kimin sualı var”, “Nəriman” poemalarını yazdıqlarına, bu əsərlərdə səsləndirdikləri sərt etirazlara görə ciddi təqiblərə məruz qalanda, hər iki xalq şairini məhz Heydər Əliyev qoruyub xilas etmişdir. Bu cür xeyirxahlıqların kökündə, bünövrəsində ulu öndərimizin yazılan əsərləri şəxsən mütaliə etməsi, həmin əsərlərdə səsləndirilən vətənpərvər hisslərə qəlbən şərik olması dayanırdı.

Hələ 70-ci illərdə “Nəriman” poemasını yazmaq üçün dəqiq tarixi sənədlərlə tanış olmaq istəyən Nəriman Həsənzadəni üzdəniraq qüvvələr arxivlərə buraxmayanda o, Heydər Əliyevə müraciət edir. Ulu öndərin göstərişi ilə Nəriman Nərimanovla bağlı sənədlər, tarixi materiallar saxlanılan arxivlərin qapıları şairin üzünə açılır. Poema yazılıb ərsəyə gələndən sonra yenə təqiblər, əsərin çapına maneələr başlanır. Bu problemi də Heydər Əliyev aradan qaldırır. Moskvada nəşrə göndərilən əlyazmanın 1600 misrası ixtisara salınıb məhv edilsə də, əsərin nəşrinə nail olunur.

Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, qələm sahiblərinə, ədəbiyyat adamlarımıza, bütövlükdə ədəbiyyatımıza xüsusi qayğısı, diqqəti bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Buna ölkəmizə rəhbərliyi ərzində dövlət başçısı İlham Əliyevin klassiklərimiz və yazıçı-şairlərimizin yubileylərinin keçirilməsi ilə bağlı verdiyi sərəncamlar əyani sübutdur.

Vaqif ALLAHVERDİYEV

ADPU-nun Ağcabədi filialının dosenti

Şərhlər