Məktəb həyatının son günlərini yaşayan, son zəngin səslənməsini səbirsizliklə gözləyərək, yeni həyata qədəm qoyan gənclərimiz! Bugün onların hər birinin üzündə sevinc hissi ilə bərabər, kədər hissi də var. Axı onların nə az, nə də çox düz 11 illik məktəb həyatı bu elm ocağında keçib.
Hər il respublikanın bütün ümumtəhsil məktəblərində keçirilən son zəng tədbirləri, rayonumuzda da böyük sevgi və coşqu ilə qeyd olunur. Belə tədbirlədən biri Səməd Vurğun adına Ağcabədi şəhər 4 saylı tam orta məktəbdə baş tutub. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə təhsil sektorunun müdir əvəzi Nərminə Əmirova, məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, valideynlər, eləcə də mətbuat işçiləri iştirak ediblər.
Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın və 30 il bu məktəbdə dərs demiş mərhum Mətanət İbrahimovanın əziz xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Son Zəng” yığıncağını açıq elan edən şəhər 4 saylı tam orta məktəbin direktoru Teymur Qasımov tədbirə qatılan bütün qonaqları salamlayıb. Teymur Qasımov çıxışında 2022-2023-cü tədris ilində məktəbdə görülən işlərlə bağlı, eləcə də “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. O, bu əlamətdar gün münasibətilə son zəng məzunlarını ürəkdən təbrik edib, onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra rayon rəhbəri Rafil Hüseynov təbrikə qoşularaq, məzunları səmimi qəlbdən təbrik edib. Natiq çıxışında məhz gələcəyimizin bugünkü gənclərin əlində olduğunu bildirərək, təhsil sahəsinə xüsusi diqqət yerilməsininin vacibliyini vurğulayıb. Rafil Hüseynov çıxışında onu da qeyd edib ki, ölkədə yüksək səviyyədə tədris olunan dərslərin əyani nəticəsidir ki, bugün yüzlərlə vətənpərvər oğlan və qızlar yetişir. Onun nəticəsini isə Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanan, üçrəngli şanlı bayrağımızı işğaldan azad olunan torpaqlarda dalğalandıran igid oğullarımızı nümunə göstərmək olar.
Növbəti çıxışçılardan Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi üzrə təhsil sektorunun müdir əvəzi Nərminə Əmirova, şəhid atası Feyruz Həziyev, şəhid anası Sürəyya Süleymanova, şəhid bacısı Paket İsmayılova təbriklərə qoşularaq, məktəbi bitirən şagirdləri təbrik edib, onlara vətənə və millətə layiq övlad olmalarını arzu ediblər.
Çıxışlardan sonra şəhər 4 saylı tam orta məktəbin şagirdlərin təlim-tərbiyəsində fərqlənən müəllimlərə Fəxri Fərmanlar təqdim olunub.
“Son Zəng” tədbiri məktəblilərin göstərdikləri müxtəlif rəqs nümunələri, ifa etdikləri vətənpərvər ruhlu şeirlər və mahnılarla davam edib.
















Hüseyn QULUZADƏ