Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir

Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni
imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və
Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.

Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və
Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi
xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması
İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.

Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə
və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış
edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-
Azərbaycan birliyi amili çox önəmlidir.

Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək.
Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca
genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.
Bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30
illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə
gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu.

Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə
daha da artacaq. Birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə
enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə
artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq.

Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji
sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji
növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm
neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal
əməkdaşlıq əlaqələri mövcuddur.

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan
ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və
daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir.
Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu,
gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.
Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı
artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və
bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.

Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son
mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq
münasibətlərimizə daha bir töhfə veriləcəkdir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın önəmli mesajları:
Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir.
Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi
bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq.

Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata
keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik.
Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün
dünyaya ayrı bir mesaj olacaqdır.

Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə
bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan
sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik.

Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı
böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Əgər yolunuz
varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol
yoxdursa, heç bir şey yoxdur.

“Aran”

Şərhlər