Pakistanın baş naziri ölkəmizdə səfərdə olub

Prezident İlham Əliyev 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri
Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata
bəyanatla çıxış edib. Ölkə rəhbəri bir sıra məsələlərə toxunub:
Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir.
Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı
dəstək üzərində qurulub. Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44
günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Pakistan Ermənistan
ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş
vermişdir. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının
perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və
artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ
Azərbaycandır!
Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Biz bütün
beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək
bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Artıq Azərbaycandan bir neçə
nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi,
növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə
sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.
Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə
sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni
zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Azərbaycan 30 il ərzində
Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi.
Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü
bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Ərazi
bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş
vasitəsilə aldıq. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr
olubdur. Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci
Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə
müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu,
xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.

“Aran”

Şərhlər