“Aran” xəbər verir ki, iyun ayının 18-də, axşam saatlarında ölkə üzrə keçən qeyri-sabit hava şəraiti Ağcabədidə də ciddi fəsadlar törədib. Belə ki, güclü küləklə müşahidə olunan yağış daha sonra iridənəli doluya çevirilib. Əsasən rayonun Hindarx qəsəbəsi, Hacılar, Boyat, Qaraxanlı, Bilağan, Şərəfxanlı, İmamqulubəyli və digər kəndlərdə baş verən güclü dolu elektrik təsərrüfatına, xüsusən təsərrüfat sahələrinə – pambığa, taxıla ciddi zərər vurub. Sözügedən ərazilərdə əhaliyə dəymiş ziyanı öyrənmək üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və yerli dövlət qurumlarının əməkdaşları sakinlərin fərdi yaşayış evlərinə və əkin sahələrinə baxış keçiriblər. Sakinlərin problemləri ilə yaxından tanış olan rayon rəhbəri onların yaşayış evlərinə və təsərrüfat sahələrinə dəyən ziyanın aradan qaldırılması üçün öz tapşırıq və tövsiyələrini verib. İcra başçısının müvafiq tapşırığından sonra Hindarx qəsəbəsi, Hacılar, Boyat, Qaraxanlı, Bilağan, Şərəfxanlı, İmamqulubəyli kəndlərində sakinlərə dəymiş zərərlə bağlı Fövqəladə Hallar üzrə rayon Komissiyasının nümayəndələri baxış keçirirlər.
Qeyd edək ki, yağan doludan sonra işıqsız qalan ərazilərə elektrik verilişinin təmini bərpa olunub.






Hüseyn Quluzadə