Təhsilverənlərin sertifikatlaşdırılması üçün imtahan keçirilir

“Aran” xəbər verir ki, iyunun 20-də Qarabağ Regional Təhsil İdarəsinin  tabeliyində olan təhsil müəssisələri üzrə təhsilverənlərin sertifikatlaşdırılması üçün imtahan prosesi başlayıb.

İmtahan prosesi  Ağcabədi şəhər 11 saylı və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəblər üzrə təyin olunmuş mərkəzlərdə baş tutub.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov bildirib ki, iyun ayının 20-24-ü tarixləri arasında sertifikatlaşdırma prosesinin test imtahan mərhələsi həyata keçirilir. Müşahidələrimizdə müəllimlərimizin yüksək əhval-ruhiyyəsi bizi çox sevindirir. Bu da prosesdə çox önəmli bir məsələdir. Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrindən iyunun 20-24 tarixləri arasında ümumilikdə 4 min 500 nəfərin imtahanlara cəlb olunması gözlənilir. İştirakçılar imtahanı bitirdikdən sonra, imtahan verdiyi kompüterin ekranında dərhal öz nəticələrini görür. Bu, tam şəffaf şəkildə təmin olunub. Ağcabədi şəhər 11 saylı tam orta məktəbində keçirilən, iyun ayının 20-dən başlayan müəllimlərin sertifikasiya imtahanında Ağcabədi, Xocavənd, Laçın, Ağdam rayonlarından müəllimlər iştirak edirlər. 11 saylı tam orta məktəbin imtahan qeydiyyatçısı Namiq Əhmədovun sözlərinə  görə, 1500 nəfərə yaxın müəllimin yer aldığı  imtahanda  iyun ayının  20-23-ü  tarixləri İbtidai sinif müəllimləri, iyunun 24-də isə  Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün keçirilməsi nəzərdə tutulub. Sertifikasiya sınağının çox rahat  və obyektiv şəkildə olduğunu vurğulayan Namiq Əhmədov  imtahanın iki vaxtda, yəni 10:00-dan 12:00-a, digərinin isə 15:00-dan 17:00-dək keçirildiyini bildirib.

O da vurğulanıb ki, 60 sualdan ibarət olan sertifikasiya imtahanında 50 sual ixtisas suallarından, 10 sual isə metodika suallarından düşür, minimum 30 baldan yuxarı  bal toplayan müəllimlər imtahandan keçirlər.

Həmçinin, qeyd edib ki, 23 nəfər nəzarətçinin də iştirak etdiyi imtahanda kəsilən müəllimlərə əlavə olaraq, sertifikasiyada iştirak etmələri üçün bir dəfə də yenidən şans verilir.

                                                                                                      Hüseyn Quluzadə

Şərhlər