Tale elə gətirib ki, mən jurnalist fəaliyyətimdən əvvəl düz 13 il yaşadığım rayondakı Heydər Əliyev Mərkəzində işləmişəm. Elmi işçi, baş mühafiz və nəhayət direktor vəzifələrində. Mərkəz istifadəyə verildikdən sonra ilk əməkdaşlardan idim. Və bizə eksponatlar haqqında geniş, ətraflı məlumat vermək üçün Heydər Əliyev Fondunun nümayəndəsi Məhəbbət Mehdiyeva dəvət olunmuşdu. Əlbəttə, burada işə başlayanda Ulu öndərin fəaliyyəti ilə bağlı ümumi bilgilərə malik idik. Lakin Məhəbbət xanımın eksponatlar üzərində verdiyi məlumatlarla, bundan sonra isə mərkəzdəki kitablarla, materiallarla daha yaxından tanış olduqca bu şəxsiyyətin böyüklüyünü, onun həyata keçirdiyi nəhəng işlərin əhəmiyyətini daha dərindən dərk etməyə başladım. Artıq anlayırdım ki, Heydər Əliyev sadəcə rəhbər olmayıb, ən çətin işlərdə, ən çətin vaxtlarda liderlik etmək tanrı tərəfindən ona verilmiş xüsusi bir bacarıq, xüsusi bir missiya imiş. Hələ məktəb illərində tamaşalarda rol alarkən sərkərdə obrazında çıxış edən o balaca oğlan zaman gələcək nəinki bir ölkənin rəhbəri olacaq, bundan da böyük vəzifələrdə yer alacaqdı. Çünki o, bunu bacarırdı. Çünki onun bacarığından yararlanmağa ehtiyac duyulurdu. Əlbəttə, düz 13 il Ulu öndərin fəaliyyətini araşdıran və təbliğ edən biri kimi xidmətləri haqqında saatlarla, günlərlə danışa, yaza bilərəm. Amma bu gün məhz böyük bir tikintidən – başa çatdırılması möcüzə kimi görünən Baykal Amur Magistiralından, burada Heydər Əliyevin misilsiz xidmətindən söz açmaq istəyirəm.
Qoy hələ ki bir az əvvələ qayıdım. Vurğulamışdım axı, mən rayonumuzdakı Heydər Əliyev Mərkəzinin ilk əməkdaşlarından idim. Burada yenicə quraşdırılan lövhələrlə, eksponatlarla ilk tanışlıq zamanı Məhəbbət xanım məhz Baykal-Amur Magistralı haqqında məlumat verərkən onun səs tonu, üz ifadəsi mənim diqqətimi çəkmişdi. Yəni haqqında səthi məlumata malik olduğum tikintinin əslində çox böyük bir iş olduğunu hiss etməyə başlamışdım. BAM marşurutu üzrə ilk qatarın fəxri sərnişin biletinin, həmin açılışda iştirakına görə təltif olunduğu “Qızıl nişan”ın da o illərdə məhz Heydər Əliyevə təqdim olunması, bunu təsdiqləyən sənədin üzünün çıxarılaraq muzeyimizdə xüsusi vitrində nümayiş etdirilməsi BAM haqqında əlavə bilgilər əldə etməyimin vacib olduğunu mənə işarə edirdi. O vaxt evimizdə, anamın kitabxanasında təsadüfən bir kitab da keçmişdi əlimə. Məhz Baykal Amur Magistralı haqqında idi. Təəssüf ki, adını, müəllifini unutmuşam. Amma həmin kitabdan oxuduğum bəzi məqamlar indi də yadımdadır. Məsələn, yadımdadır ki, sözügedən tikinti planlaşdırılmış vaxtdan əvvəl başa çatdığı üçün bu işdəki fəaliyyətinə verilən dəyər kimi doğma Naxçıvanda Heydər Əliyevin büstü qoyulur. Bu mənim yaddaşımda magistralın özünün tikintisinin başa çatması kimi qalıb. Amma indi oxuduğunuz məlumatı yaza-yaza “vaxtından əvvəl təhvil verilmək” sözləri üzərində düşünməli oluram. Ola bilsin, məhz bu hissədə söhbət Ulkan qəsəbəsindən gedirmiş. Çünki bu haqda məlumatlara baxarkən azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişinin vaxtından 2 ay əvvəl başa çatdırıldığını görürük…
Amma əlbəttə ki, ümumilikdə BAM-ın fəaliyyətə başlaması Heydər Əliyevin gərgin əməyinin nəticəsi idi. Bu zəhmətin bəhrəsi olaraq 1984-cü ildə magistral bütün xətt üzrə işə düşür.
Ümumiyyətlə Baykal Amur Magistralının əhəmiyyəti nə idi, necə planlaşdırılmışdı, hansı çətinlikləri var idi, bu işin öhdəsindən necə gəlindi?
Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan Baykal-Amur magistral yolu dünyanın ən böyük dəmir yolu xəttlərindən biridir. Ümumi uzunluğu 4300 km-dir. Geniş bir bölgənin təbii ehtiyatlarına açıq çıxışın olması, həmçinin tranzit nəqliyyatın təmin edilməsi, Şərq-Qərb qitələrarası ən qısa dəmir yolu marşrutu olması BAM-ın bugünkü əhəmiyyətini bir daha göz önünə qoyur.
Bir çox mənbələrdə onun tikintisinə 1940-cı ildən başlanıldığı qeyd olunur. Amma bu dəmir yol magistralı əslində bir ideya kimi hələ 19-cu əsrin birinci yarısından mövcud idi. 1926-cı ildə isə gələcək BAM marşrutunun topoqrafik kəşfiyyatı həyata keçirilməyə başlayır. 1932-ci ildə artıq “Baykal Amur Magistralı” – “BAM” termini işlənir. SSRİ Xalq Komissarları Soveti “Baykal-Amur dəmir yolunun inşası haqqında” fərman verir. Bunla bağlı dizayn və tədqiqat işlərinə başlanılır. Tikintinin başlaması sözdən əmələ keçir.
BAM-ın tikintisi, başa gətirilməsi çox çətin bir iş idi və əlbəttə, bir çox böyük işlərin başlanğıcında olduğu kimi magistralla bağlı mövzu ətrafında da çoxlu mübahisələr yaranır, onun mənasız və lazımsız olduğu vurğulanırdı. Əslində mənbələrə də nəzər saldıqda görürük ki, ağır iqlim şəraiti, vəhşi heyvanların hücumu, texniki çətinliklər, avadanlıqların çatışmaması, xeyli sayda işçi qüvvəsinin tələb olunması və digər məsələlər həqiqətən də belə nəhəng bir işin həyata keçirilməsinin ağlabatan olmadığını göstərir. Amma bütün çətinliklərə baxmayaraq iş başlayır və 1972-ci ilə qədər artıq magistralın bir sıra stansiyaları istifadəyə verilir.
Lakin 1974-cü ilin ortalarından BAM-ın tikintisində demək olar ki, tamamilə yeni mərhələ başlayır. Belə ki, həmin ilin 8 iyulunda Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 561 nömrəli “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərarı qəbul edilir. Və elə BAM-ın tikintisinin başlanması da rəsmi olaraq bu tarixdən hesablanır.
Niyyətim BAM haqqında uzun-uzadı yazmaq deyil. Sadəcə tikintinin başlanması ilə bağlı bəzi təzadlı rəqəmlərə aydınlıq gətirmək və bir də bu layihənin həyata keçirilməsinin nə qədər çətin olduğunu, sıradan bir iş olmadığını diqqətə çatdırmaq idi. Çünki biz Ümummilli lider Heydər Əliyevin belə bir iddialı magistralın tikintisində göstərdiyi xidmətlərdən danışarkən bu işlərin böyüklüyünü göstərə bilmək üçün çətinliklərin nələrdən ibarət olduğunu da bilməliyik.
Heydər Əliyev istər Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə, istər SSRİ Nazirlər soveti sədrinin I müavini işlədiyi zamanlarda, istərsə də Azərbaycana rəhbərlik etdiyi II dövrdə öz uzaqgörənliyi, əzmkarlığı, qeyri-adi bacarığı, uğurlu idarəçiliyi ilə namümkün hesab olunanları mümkün etməyi bacarmışdır. Bunun üçün sadəcə keçmişi vərəqləmək, onun həyata keçirdiyi bir çox uğurlu layihələrə nəzər salmaq kifayətdir. Əlbəttə, sovet hakimiyyəti illərində Dahi liderin bu bacarığı yüksək dəyərləndirilirdi və SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə işləyərkən o, SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edirdi. Təbii ki, o dövrdə “Əsrin tikintisi” adlanan BAM-ın tikintisi də vacib və strateji sahə idi və onun aparılması, başa çatdırılması böyük iradə, güc, əzmkarılıq tələb edirdi. Və həmin sahəyə rəhbərlik məhz bu keyfiyyətləri özündə daşıyan, nüfuzlu, idarəçilikdə öz sözünü deyən Heydər Əliyevə həvalə olunur. O, bu nəhəng tikintiyə, magistiral xətt boyunca yüzlərlə stansiyanın, şəhərlərin inşasına rəhbərlik edir.
Beləliklə,1983-cü il martın 4-də SSRİ Nazirlər Sovetinin BAM-ın tikintisi üzrə komissiyasının I iclası keçirilir. Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda bu tikinti ilə bağlı ən vacib məsələlər gündəliyə salınır, müzakirə olunur ki, bu da görüləcək işlərin, qarşıda duran vəzifələrin düzgün təhlil edilməsinə, doğru istiqamət almasına imkan yaradır.
Dahi liderin qarşıya qoyduğu məqsədlərin uğurlu nəticəsinin səbəblərindən biri də onun həmin işlərə şəxsən nəzarət etməsi idi. Hələ Azərbaycana rəhbərlik etdiyi I dövrə nəzər salanda görürük ki, o, tez-tez bölgələrdə olur, tapşırılan işlərin icrası, görülən işlərin nəticəsi ilə özü birbaşa maraqlanırdı. Əlbəttə, bu da qarşı tərəfin özündə məsuliyyət hiss etməsinə, işini düzgün qurmasına, nailiyyət qazanılmasına səbəb olurdu. Bu səfərlər zamanı o, həm də sadəliyi, zəhmətkeşlərlə səmimi ünsiyyəti, onların problemləri ilə maraqlanması, çətinliklərinin həll olunması ilə yadda qalırdı. Yəni bu gün həmin insanlarla söhbət zamanı onların əksəriyyətinin önə çəkdiyi məqam məhz bu olur. BAM-ın tikintisi ilə bağılı materiallarla tanış olarkən biz yenə də eyni halla qarşılaşırıq. Belə ki, 1984-cü ilin iyun ayında inşaat işləri ilə yerindəcə tanış olmaq üçün H.Əliyev BAM-ın tikintisində olur.10 günədək orada qalaraq işlərə nəzarət edir.
Qeyd edim ki, hələ Azərbaycana rəhbərlik etdiyi I dövrdə müttəfiq respublikalardan birinin rəhbəri olaraq Heydər Əliyev BAM-ın tikintisi ilə yaxından məşğul olurdu. Onun tapşırığı ilə minlərlə gənc BAM-a yollanmışdı. Ümumiyyətlə, azərbaycanlılar sözügedən magistralın zəruri infrastrukturunun yaradılmasında yaxından iştirak etmişdilər. Buna misal olaraq, sənaye və sosial obyektlərin, həmçinin tikinti qrupları tərəfindən evlərin tikilməsi ilə yanaşı, baş planın hazırlanması, həyata keçirilməsi, bütün lazımi vasitə və materiallar ilə təmin olunmasını və s. göstərə bilərik. Yerli əhalinin “Azərbaycan şəhərləri” adlandırdığı Ulkan və Anqoya qəsəbələrini də intəhasız, uc-bucağı bilinməyən Tayqa ərazisində məhz azərbaycanlılar inşa etmişdilər. Yəqin ki, yaşlı və orta nəslin nümayəndələri 2008-ci ilin 18 iyulunda BAM-ın Anqoya stansiyasında istifadəyə verilən vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsini, bu münasibətlə təntənəli mərasimin keçirilməsini yaxşı xatırlayırlar. Bu mühüm hadisə Heydər Əliyevin həmin tikintinin icrasında göstərdiyi xidmətlərin unudulmaması, bu gün də yüksək dəyərləndirilməsinin sübutu idi. Anqoya ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün internet üzərindən axtarış edərkən rastıma maraqlı bir yazı çıxdı. Həmin stansiyanın təməlqoyma mərasimində Heydər Əliyevin rəhbəri olduğu komissiya üzvlərini müşaiyət etmiş jurnalist Yevgeni Boqaçov xatirələrində qeyd edir : “Anqoyaya gəlməzdən əvvəl Severobaykalskda keçmiş “AzBAMstroy” tikinti-quraşdırma idarəsinin rəisi, sonralar mülki qurğuların Severobaykal hissəsinin əməkdaşı İsrafil Hacıyev ilə tanış olmuşdum.
O deyirdi:
-Ulkanı tikib arxayınca Vətənə dönə bilərdik. Ancaq Baykalın o tayında yarımçıq qalmış Anqoya stansiyasının tikintisini başa çatdırmağı özümüzə borc bildik. 1984-cü ildə Heydər Əliyev BAM-a gəldi. Mən tikinti-quraşdırma idarəsinin rəhbəri kimi ona elə beləcə də dedim: “Anqoyaya getmək istəyirik!” Özümüz istəməsək, heç kim bizi məcbur etməyəcəkdi…
Azərbaycan Mərkəzi Komitəsi və hökuməti gənclərin təşəbbüsünü bəyəndi. Bu məsələdə Heydər Əliyevin rəyi həlledici rol oynadı. O, Baykal-Amur Magistralında həmvətənlərinin işini yüksək qiymətləndirmişdi. Gələcək Anqoya stansiyasının yerində o vaxt yalnız ağaclar qırılmışdı. 1984-cü ilin sentyabrında azərbaycanlılardan ibarət ilk briqadalar yığma evləri quraşdırmağa, yeni qəsəbəni istiliklə təmin etmək üçün qazanxana və istilik xətləri çəkməyə başladılar.”
Yəni bu xatirələrdən də gördüyümüz kimi Anqoya stansiyasının tikilməsi heç bir göstərişsiz, birbaşa azərbaycanlı layihəçi və inşaatçıların öz təşəbbüsü olub və Heydər Əliyevin sayəsində bu təşəbbüs reallığa çevrilib. Məhz onun dəstəyi, qayğısı ilə Anqoya stansiyasının tikintisi həyata keçirilməyə başlayıb və uğurla başa çatdırılıb. Bu gün Ulkan və Anqoyada yenə də onlarla azərbaycanlı ailənin yaşadığı məlumdur. Bu arada, Rusiya Prezidentinin köməkçisi İqor Levitinin söylədiyi bu fikirləri də qeyd etmək istərdim:
“ Heydər Əliyevin inadkarlığı və qətiyyəti sayəsində Baykal-Amur Magistralının tikintisinə başlanılıb.”
Bəli, fəaliyyətinin hər dövründə, ən çətin sınaqlardan qalib şəkildə çıxan Ulu öndərin ömür yolu, həyata keçirdiyi işlər bugünkü nəslə əzmkar, uzaqgörən olmağı, məqsədə çatmaq üçün heç bir çətinlikdən qorxmamağı, “Yetər ki, istə!” fikri ilə irəli getməyi öyrədir.
Sonda Heydər Əliyevin birbaşa nəzarəti ilə salınan Ulkan və Anqoya qəsəbələrində diqqət çəkən bir məqamı da vurğulamaq istərdim. Ümumiyyətlə, bu uzaqgörən, dahi şəxsiyyətin hələ Azərbaycana rəhbərlik etdiyi I dövrdə daim milli kimliyimizi, dilimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, adət-ənənələrimizi, bir sözlə, xalqımıza məxsus nə varsa onları qorumaq cəhdlərindən hər birimiz xəbərdarıq. O, bəzən üstüörtülü şəkildə, bəzən isə çətinliklə, mübarizə apararaq, müəyyən siyasət işlədərək bu dəyərləri saxlamağı bacarmış, təbliğinə çalışmışdır. Yəni bu elə dövr idi ki, qeyd etdiklərimi həyata keçirmək böyük cəsarət istəyirdi. Amma Dahi lider zamandan və məkandan asılı olmayaraq bunu bacarırdı. SSRİ Nazirlər Soveti sədrinin I müavini işlədiyi dövrdə də Heydər Əliyevin əsas amalı məhz azərbaycançılıq idi. Hətta Baykal Amur Magistralının tikintisi zamanı da bu dəyərlər unudulmamışdı. Daha dəqiq desək, məhz azərbaycanlılar tərəfindən tikilən stansiya və qəsəbələr – Ulkan və Anqoya Heydər Əliyevin tapşırığı ilə Azərbaycan memarlığı əsasında, öz ölkəmizdən aparılmış tikinti materialları ilə tikilir, binaların, xüsusilə dəmiryolu vağzalının bəzədilməsində Azərbaycan ornamentlərindən geniş istifadə olunur.
Bu yazımı bitirədən sonra Əməkdar mühəndis, “Anqoya” layihəsinin baş mühəndisi və konstruktoru olmuş Təyyar Hüseynlinin bir məqaləsini oxudum.Və istədim ki, sonluqdakı fikirlərimin təsdiqi kimi məqalədən kiçik bir hissəni də yazıya əlavə edim. Müəllif həmin məqalədə qeyd edir: “ Baykal-Amur dəmiryol magistralının (BAM) tikintisi gedirdi. “Ulkan” qəsəbəsi dəmiryol vağzalı ilə birlikdə respublikamız tərəfindən müvəffəqiyyətlə inşa edilmişdi. Sonra ikinci bir stansiyanın – “Anqoya”nın da tikintisi bizim respublikaya həvalə olundu. “Ulkan”ın layihəsi tam şəkildə bizim institutda işlənsə də, “Anqoya”nın layihəsi Rusiyanın Novosibirsk şəhərinin “Sibqiprotrans” layihə institutunda işlənmiş və təsdiq edilmişdi. Respublikamızın qarşısında isə bu layihə əsasında stansiyanın yalnız tikintisinin aparılması məsələsi qoyulmuşdu. Ulu öndər Heydər Əliyev bu illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı və BAM-ın tikintisinə rəhbərlik birbaşa ona həvalə edilmişdi. Azərbaycan KP MK-nın göstərişi ilə “Anqoya” stansiyasının vağzalı və qəsəbənin ictimai-ticarət mərkəzi Azərbaycan klassik milli memarlığı üslubunda yenidən layihələndirilib inşa edilməli idi. Bizə aydın idi ki, bu birbaşa dahi Azərbaycan oğlu Heydər Əliyevin tapşırığıdır.
Bəli, bu gün həmin ərazilərdən hazırlanan videomaterialları izlədikdə, belə nümunələri aydın görmək olur və əlbəttə ki, hər bir azərbaycanlı izləyicinin qəlbində bu, xoş təəssüratlar yaradır.
Məhsəti MUSA
“Aran” qəzeti
“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.