Ulu öndər Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafına töhfəsi

Azərbaycanda elm və təhsilin inkişafı həmişə böyük şəxsiyyətlərin sayəsində irəliyə gedə bilmişdir. Elm və təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin töhfəsi heç kimdə şübhə yarada bilməz. Məhz onun Azərbaycana rəhbərlik etdiyi illərdə milli elmimiz və təhsilimiz inkişafa doğru bir sıçrayış etmişdir. Sözsüz ki, onun peşəkarcasına qurub-yaratdığı idarəetmə sistemi sayəsində bu sahələr daha da böyük zirvələrə imza atmışdır. Əgər XX əsrdə Azərbaycanda elmə aid müəyyən ancaq milli səviyyədə işlər görülmüşdürsə, məhz 1970-ci illərdən sonra onun əks-sədası bütün dünyada yayılmağa başlamışdır. Bu dövrlərdən sonra həm elmi dərəcəli, həm də yüksək və müxtəlif profilli vətəndaşlarımızın sayı xeyli artmışdır. Məhz həmin dövrlərdə əldə olunan elmi nailiyyətlərin praktiki tətbiqi imkanları genişlənmiş və inkişaf etmişdir. Yeni elmi-tədqiqat institutları, ali və orta ixtisas təhsili müəssisələri şəbəkəsi qurulmuş, onların o zamankı dövrlərdə ittifaq əhəmiyyəti artmışdır. Məhz həmin dövrlərdə Azərbaycan Neft Akademiyası kimi ümumdünya şöhrəti qazanmışdır.

H.Əliyevin böyük təşkilatçılığı sayəsində Azərbaycan Elmlər Akademiyası dünyada şöhrət qazandı, güclü elmi kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi. Ulu öndərin özünün qeyd etdiyi kimi, akademiyanın əlli ilinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlı idi. Onun uzaqgörənliyi məhz elmi prinsiplərə, intellektual potensiala arxalanmasında idi.

Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman Azərbaycan elminin bəxş etdiyi ən yeni nəticələrindən faydalanırdı.

Dahi lider Azərbaycana rəhbərliyə gəldiyi ilk günlərdən, 1969-cu ilin avqustundan respublika elmində cərəyan edən neqativ hallardan narahatçılığını qeyd edərik bildirmişdi ki, elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər… Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir… Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər

1997-ci ilin 31 yanvarında Ümummilli liderin Elmlər Akademiyasının rəhbərləri, həqiqi və müxbir üzvləri, aparıcı alimləri ilə görüşündəki çıxışında Elmlər Akademiyasına və onun alimlərinin əməyinə yüksək qiymət verməsi Azərbaycan elminin sabahına inamını və ümidini artırdı.

Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ənənəyə sadiq olaraq Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyinə həsr edilmiş təntənəli yığıncaqdakı çıxışında bildirmişdi ki, bütün dövrlərdə – 70-ci illərdə, ondan sonra, 90-cı illərdə Heydər Əliyevin elmə diqqəti və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır.

H.Əliyevin mövqeyi bundan ibarət idi ki, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə elm və milli təhsil sistemi müasirləşir, fəal maarifçilik kursu həyata keçirilir, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətlər, intellektlə fərqlənən ixtisaslı kadrlar yetişdirilir. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edən Ulu Öndər Heydər Əliyev elm və milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirib.

Bu il 100 illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi və mədəni inkişaf yolundakı tarixi xidmələrini təhlil edəndə, onun tərəfindən görülmüş işləri milli və dövlətçilik mənafeyi baxımından dəyərləndirəndə Azərbaycanın keşməkeşli sovet dövründə və müstəqilliyinin ağrılı-acılı ilk illərində inkişafdan dayanmadığının bir daha şahidi oluruq.

Həm rus çarizmi dövründə, həm də sovetlər dövründə bütün vəchlə milli dövlətçiliyi əlindən alınan Azərbaycan xalqı 90-cı illərdə müstəqilliyini bərpa etdikdən sonra sürətlə milli sosial-iqtisadi durumunu möhkəmləndirmiş, bütün məhrumiyyətlərə baxmayaraq öz mili-mədəni dəyərlərinə yiyə durmuş, milli özünüdərk və özünütəsdiq üçün zəruri imkanlardan bacarıqla istifadə etmiş, əhalinin intelektual inkişaf səviyyəsini yüksəltmişdir. Ümummilli liderin milli tərəqqinin, elmin, təhsilin, mədəniyyətin ahəngdar inkişafı yolundakı xidmətləri ölçüyə gəlməzdir.

Elmin inkişafı ilə yanaşı, ulu öndər həmçinin təhsil sistemində də ciddi islahatların həyata keçirilməsinə xüsusi əhəmiyyət vermişdir.

Azərbaycan təhsilinin inkişafı sahəsində Heydər Əliyevin xidmətləri iki istiqamətdə getmişdir:

1.Milli tərbiyə və təhsilə dair siyasi-nəzəri yanaşmaları.

2.Milli təhsil quruculuğunda, təhsilin müxtəlif sahələrinin ahəngdar inkişaf yolunda praktiki addımlar.

1972-ci ildə gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında və 1973-cü ildə kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb. Bu da öz növbəsində yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsində xüsusi rol oynadı.

Heydər Əliyevin keçmiş SSRİ-nin ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxuması üçün göstərdiyi fəaliyyət xüsusi vurğulanmalıdır. Bu istiqamətdə əsaslı dönüş 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gəncin sovetlər ittifaqının o zamankı nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmələri idi ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə geniş imkanlar yaratdı.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymayıb, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşıb. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirib, mühüm tarixi fərman və sərəncamlar imzalayıb. Məsələn, 2002-ci il oktyabrın 4-də imzalamış “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət sənədi olub.

Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır” fikrini dəfələrlə səsləndirmişdir.

1982-ci ilin sonunda Heydər Əliyevin keçmiş SSRİ-nin təhsil islahatlarına rəhbərlik etməsi ümumtəhsilin inkişafında da müəyyən keyfiyyət dəyişmələrinə gətirib çıxartdı.

Möhtərəm Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafı yolundakı böyük xidmətlərindən biri də 1970-1980-ci illərdə onun təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin ən məhşur ali məktəblərində Respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmasıdır. Heydər Əliyev 70-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin büyük təsiri nəticəsində irəliləyişlər olmuş, orta, orta-ixtisas və ali məktəblərdəə struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, problemin həlli üçün effektiv üsul və metodların tətbiqi önə çəkilmişdir.

Ümumiyyətlə, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında Ümummilli lider Heydər Əliyevin xidmətləri az olmamışdır. Əvvəldə də qeyd edilmişdir ki, Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü 1970-ci ildən başlanılır. İndi ölkəmizdə faliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali, eləcə də əlavə təhsil müəssələrinin geniş şəbəkəsi, güclü elmi-pedoqoji kadr korpusu öz mənbəyini məhz keçən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən  genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoymuşdur.

Mahir SƏLİMOV

Fəlsəfə üzrə fəlsəfə doktoru,

dosent, ADPU-nun Ağcabədi

filialında direktor müavini

Şərhlər