“Aran” qəzetinin redaktoru müsabiqədə qalib oldu – ADY və MŞ media müsabiqəsinin qaliblərini mükafatlandırdı

“Aran” xəbər verir ki, iyulun 19-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC və Azərbaycan Mətbuat Şurasının Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən media müsabiqəsinin nəticələri açıqlanaraq qalibləri mükafatlandırılıblar.

Tədbirdə ADY və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul əməkdaşları, 30-dək kütləvi informasiya vasitələrinin rəhbərləri, media üzrə QHT təmsilçiləri iştirak ediblər.

ADY sədri Rövşən Rüstəmov tədbirdə çıxış edərək bildirib ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin zəngin irsinin öyrənilməsi ilə yanaşı, onun dəmir yollarının inkişafındakı xüsusi xidmətlərini təşviq etmək idi. 

ADY sədri həmçinin qeyd edib ki, 1970-1987-ci illərdə 200 nəfərə yaxın gənc Sovet İttifaqının tanınmış ali məktəblərində dəmiryolçu ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıblar. Hazırda həmin mütəxəssislərin böyük əksəriyyəti ADY-nin müxtəlif strukturlarında çalışırlar.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sözügedən müsabiqəyə daxil olan 70-dən çox yaradıcı iş jurnalistlərin analitik yazı, video-reportaj və məqalələrin hazırlanması bacarıqlarını əks etdirib: ’’Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan dəmir yollarının inkişafı haqqında müsabiqə mövzuları jurnalistlərimiz tərəfindən geniş işlənilib, maraqlı faktlar ortaya çıxarılıb. Peşəkar media ekspertlərindən ibarət münsiflər heyəti materialların ədalətli və şəffaf qaydada qiymətləndirib’’.

Müsabiqəyə 01 iyun-15 iyul, 2023 müddətində 53 kütləvi informasiya vasitələrindən 77 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 9 nəfər jurnalist əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüblər.

Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat və mükafatlar təqdim edilib.

Qeyd edək ki,  “Aran” qəzetinin redaktoru Məhsəti Musa da  qaliblər sırasındadır və bölgə mətbuatının təmsilçisinin bu müsabiqədə iştirakı və qalib olması hər birimizi sevindirir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin və Azərbaycan Mətbuat Şurasının

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqənin laureatlarının siyahısı

“Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli” adlı birinci istiqamət üzrə

Rövşən Əliyev – AZTV

Mehman Rəsulov – Real TV

Emin Səfərov – “Qafqazinfo.az” saytı

“Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında” adlı ikinci istiqamət üzrə

Nigar Rəhmanova – CBC telekanalı

Vaqif Bayramov – “Xalq qəzeti”

Rövşəb Tahirov – ATV telekanalı

“Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi” adlı üçüncü istiqamət üzrə

Müsəllim Həsənov – “525-ci qəzet”

Səriyyə Cəfərova – “Təzadlar” qəzeti

 Məhsəti Ağayeva – “Aran” qəzeti (Ağcabədi)

Şərhlər