1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə əsası qoyulan milli mətbuatımız olduqca çətin və şərəfli bir yol keçmişdir. Qəzet fəaliyyət göstərdiyi dövrdə cəmi 56 sayı işıq üzü görsə də, mətbuatımızın təşəkkül tapmasında, inkişafında rolu əvəzsiz olmuşdur.
Milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
“Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Bu əlamətdar gün münasibəti ilə “Aran” qəzeti və qəzetin nəzdində fəaliyyət göstərən “Aran Ağcabədi” internet televiziyasının əməkdaşları ulu öndərin abidəsini ziyarət edib, önünə çiçək dəstələri düzüblər.
Sonra çay süfrəsi arxasında davam edən tədbir zamanı çıxış edən “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva əməkdaşları bayram münasibəti ilə təbrik edib, onlara çətin amma şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. O, bildirib ki, “Aran” qəzeti bölgə mətbuatı kimi artıq böyük diqqət çəkir və əksər hallarda nümunə kimi göstərilir. Ötən gün Bakı şəhərində Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən geniş konfransda bölgə mətbuatı olaraq məhz “Aran” qəzetinə yer ayrılması, söz verilməsi də bunun bariz nümunəsidir. Əlbəttə ki, bütün bu uğurlar gərgin zəhmətin, yuxusuz gecələrin, kollektivin birliyinin sayəsində əldə olunub.
Sonra əməkdaşlardan bir qrupu qəzetin Fəxri fərmanı ilə təltif edilib.











