Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, media işçilərinin iştirakı ilə Tərtərdə Milli Mətbuat günü qeyd edilib. Tədbirdə “Aran” qəzeti də təmsil olunub.
İştirakçılar öncə Şəhidlər Abidə kompleksini, sonra isə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirələrinə hörmət əlaməti olaraq önünə gül dəstələri düzüblər.
Sonra tədbir YAP Tərtər rayon təşkilatının inzibati binasında, “dəyirmi masa” ətrafında davam etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.Mətbuatımızın keçdiyi inkişaf yoluna nəzər salan icra başçısı onu da qeyd edib ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu mətbuatın inkişafına ciddi təkan verdi. Çıxışı zamanı M.Məmmədov media işçilərinin 44 günlük Vətən müharibəsində göstərdikləri fədakarlıqdan söz açıb, həmin dövrdə onların cəbhədən birbaşa reportajlar, ruhlandırıcı yazılar hazırladığını, cəmiyyətə məlumat ötürdüyünü diqqətə çatdırıb. Ordumuzla yanaşı informasiya cəbhəsində isə məhz jurnalistlərimizin döyüşdüyünü, vahid psixoloji xarakter ortaya qoyduğunu bildirən natiq onların öz işlərinin öhdəsindən layiqincə gəldiyini bildirib.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev, ”Respublika” qəzetinin bölgə müxbiri Vəli Vəliyev, “AZƏRTAC”ın bölgə müxbiri Tahir Ağaməmmədov, “İctimai” televiziyanın əməkdaşı Şöhrət Eyvazov, “Xəzər TV”-nin əməkdaşı Şamxal Adıgözəlov, “AZTV”-nin əməkdaşı Elnur Tofiqoğlu, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, Yeni Tərtər Qəzetinin redaktoru Svetlana Bağırova, “EL” tv-nin əməkdaşı Daşqın Abdullayev çıxış ediblər.
Yekunda bir qrup media təmsilçisi Fəxri fərman və hədiyyə ilə təltif olunublar.










