İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Forumun açılış mərasimində Prezident İlham Əliyev çıxış edib.
Dövlət başçısı çıxışı zamanı bildirib ki, Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir.
Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik.
Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.
Torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük. Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik mövcuddur.
Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin tendensiya davam edir.
Ötən ilin fevralında imzalanan Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. Bəyannamə özündə müstəqilliyin ayrı-ayrı dövrlərində müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixini ehtiva edir.
Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə gördüyümüz kiçik nahamarlıqlar Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmir.
Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə sürətlə inkişaf edib. Sirr deyil ki, son zamanlarda Hərəkat tədricən deqradasiyaya uğramışdı və o, praktik olaraq xüsusi davamı olmayan müəyyən məsələlərin müzakirə platformasına çevrilmişdi. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunur.
İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi.
Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik.
Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.
Hazırda üç beynəlxalq tərəf var ki, sülh prosesinə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur.
Transxəzər layihəsi bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Lakin kimsə Transxəzər boru kəmərini inşa etmək istəsə biz şad olarıq. Nəticədə bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq.
Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək;
Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq.30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyuldu. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır.
Minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Bu müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Azərbaycana təqdim olunmuş xəritələrin dəqiqliyi heç 25 faiz deyildi.
Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin olunmuşdur. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik, onlar yenə də imtina etdilər. Üçüncü dəvət olmayacaq.
Biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik.
Azərbaycan öz hərbi üstünlüyünü hər zaman nümayiş etdirib. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, habelə nəzarət-buraxılış məntəqəsinin açılışı üstünlüyümüzün sübutlarıdır.
Bu gün çadırlarda oturub və kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil Azərbaycanda bəzi jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil olacaq.
Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq.
Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır.
Ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşayırlar, onların kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Ermənilər Qarabağ torpağına qonaq kimi gəlmişdilər, o cümlədən Şuşaya. 1752-ci ildə Pənahəli xan Şuşada şəhər salmışdır.
Xankəndi xuntası Şuşada bir daşı daş üstə qoymayıb. Onların Azərbaycana qarşı, xalqımıza qarşı nifrəti normal insan psixikasına sığışmır. Qəbir daşlarını oğurlayıb orada azərbaycanlıların adlarını sildirib öz yaxınları üçün qəbir daşları kimi istifadə edirdilər. Azərbaycanlıların qəbirlərini qazıb orada ölülərin kəllələrindən qızıl dişlərini çıxararaq əridib bazarda satıblar. 60 min hektar meşə fondu ermənilər tərəfindən məhv edildi, doğranıldı və sonra parket kimi satıldı.
Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var. Hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur.
Biz heç vaxt dinc əhaliyə qarşı vuruşmamışıq. Amma erməni ordusu müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka”, “Skad” raketləri ilə atəşə tuturdu. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur.
Zəngəzur dəhlizini heç kim ləğv etməyib, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq. Bu isə olduqca böyük potensial açır.
Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, öz daxili səbəbləri var. Biz bilirik İkinci Qarabağ savaşı dönəmində bizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi düzgün olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir. İkitərəfli əsaslarda çox fəal işləyirik, xüsusilə sərmayələr və ticarət sahələrində. Özbəkistanla birgə İnvestisiya Fondu yaradılıb və həmçinin Qırğızıstanla da belə bir təşəbbüs artıq başlayıb. Özbəkistanla fond yarım milyard ABŞ dollarına bərabərdir, Qırğızıstanla isə iyirmi beş milyon. Çünki hələ icra üçün layihələr yoxdur. Sözsüz ki, bu fondlar genişləndirilə bilər.
Biz Mərkəzi Asiya ölkələri ilə rabitə və nəqliyyat əlaqələrinin qurulması üzərində işləyirik. Asiyadan gələn yüklər Xəzər dənizindən keçməklə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxmalıdır. Bu yol Mərkəzi Asiya ölkələri üçün ən mühüm nəqliyyat marşrutlarından biri olacaq.
“İRNA Azərbaycan” iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək. Məsuliyyətli KİV qonşu ölkələr arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərə bilər. Ən yaxşı üsul İrandakı auditoriyanı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır.
Avropa İttifaqı rəsmi vasitəçi olmasa da, müəyyən təzyiqləri azaldan, iki liderin bir-biri ilə danışıqlar aparmasına və mövqelərini daha yaxşı başa düşmələrinə imkan yaradan amildir.
Minsk qrupunun yenidən canlandırılması qəbuledilməzdir. Bu qırılmış vazanı yenidən bir yerə gətirmək üçün bu gün müəyyən fikirlər, danışıqlar var. Amma bu, praktiki cəhətdən də mümkün deyil. Eyni zamanda, Azərbaycan buna razı olmayacaqdır. Çünki bizim onların fəaliyyəti ilə bağlı o qədər də xoş xatirələrimiz yoxdur.
ARAN