Ağcabədidə abadlıq işləri mütəmadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, təmizlik işləri görülür. Rayonumuzun gündən-günə abadlaşması istiqamətində əlaqədar qurumlar, idarələr tərəfindən müvafiq addımlar atılır.
Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismarı İdarəsi tərəfindən rayon ərazisində növbəti iməcilik keçirilib. Təmizlik işləri şəhərin İsi Məlikzadə küçəsindən Zəfər prospektinə qədər olan ərazini əhatə edib.
İməcilik zamanı 50-yə yaxın işçinin iştirakı ilə prospekt və küçələrin, səkilərin kənarları təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb. Ağaclarda və gül kollarında budama işləri aparılıb, dibləri bellənib, eləcə də digər lazımı işlər həyata keçirilib.
Ətraf mühit və sağlamlıq üçün zərərli olan müxtəlif tullantılar təmizlənərək, sözügedən idarənin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Əlbəttə ki, idarə öz üzərinə düşəni edir. Amma biz rayon sakinləri də onlara dəstək olmalı, şəhərimizin təmizliyinin, abadlığının qorunmasına çalışmalıyıq. Bunun üçün sadəcə təmizlik qaydalarına riayət etmək, tullantıları hara gəldi atmamaq , çəkilən əziyyəti dəyərləndirərək abadlığı qorumaq lazımdır. Axı güc birlikdədir!


