Milli maraqlara söykənən siyasət

İyulun 22-də Prezident İlham Əliyev “China Global Television Network” televiziya kanalına müsahibə verib.

Dövlət başçısı müsahibə zamanı bildirib ki,şəhərlərimizin əsl orijinallığını və nailiyyətlərini qoruyub saxlayırıq. Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, Ulu Öndər Heydər Əliyev həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən yeganə şəxs idi.

Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu dəvət etdi. 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi.

Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür.

Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasətimiz var.

Dünyada Çinin dostlarının sayı ildən-ilə artır.

COVID-19 başlayanda peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşəndə ölkəmizə yardım edən yeganə ölkə Çin oldu.

Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb.

Cari ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər.

Öz ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq.

Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisi böyük infrastruktura malikdir. Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ, Azərbaycanofobiya mühitini yaradırlar. Hazırda Fransa hökumətinin çox əsassız hücumları ilə üzləşirik. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır.

Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasında ibarətdir.Azərbaycan sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladı. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Sülh müqaviləsi həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar.

Azərbaycandakı erməni azlığının hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar.

İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. İdmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür.

Aran

Şərhlər