Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə zamanı dövlət başçısı bir sıra mühüm məsələlərə toxunub.

Ölkə başçısı qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq.

Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.

Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir.

Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik.

Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular.

Rusiya ilə münasibətlərimiz tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var.

İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi.

Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi.

Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.

Prezident çıxışında eyni zamanda BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsindən də danışıb. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir.

Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir.

Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.

Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.

Biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir?

Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib.

Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır.

Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.

Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar.

ARAN

Şərhlər