Əbədiyaşar insan

Heydər Əliyevin hər dəfə rayona gəlişi bir bayrama çevrilərdi. Çox səmimi insan idi. Hər birimizlə dostcasına əl verib görüşərdi. Kənd camaatı onu ehtiramla, hörmətlə, məhəbbətlə qarşılayardı. Heydər Əliyev rayona səfərləri zamanı rayon zəhmətkeşlərinin  problemləri ilə yaxından maraqlanardı. O qədər sadə, mehriban insan idi ki, adamların hər birini səbrlə dinləyər və onların problemlərini həll edərdi.

Ağcabədiyə gəldiyi zaman əkinçiliklə, maladrlıqla, pambıqçılıqla, ümumiyyətlə, təsərrrüfatın bütün sahələri ilə yaxından maraqlanar, özü şəxsən sahələrdə, tarlalarda olar, iclaslarda isə gördüklərini təhlil edərdi. Həmişə də rayonumuzun abadlaşdırılması, camaatın yaşayış şəraitinin yaxşılaşdırılması, üzümçülüyün, pambıqçılığın, taxılçılığın inkişaf etdirilməsi üçün tapşırıq və tövsiyələrini verərdi. 

Özümü xoşbəxt sayıram ki, onun iştirakı ilə keçirilən iclaslarda çox zaman mən də iştirak etmişəm. Mərkəzi Komitənin plenumunda çıxış etmişəm.

Ulu öndərimizin qayğısını daim hiss edən insanlardan biriyəm. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyəndə mən “SSRİ Dövlət Mükafatı” laureatı, “Azərbaycanın Fəxri Pambıq ustası”, “Sosialist Əməyi Qəhrəmanı” və s. mükafat və adlara layiq görülmüşəm. Heydər Əliyev prezident olduğu dövrdə mənə Prezident təqaüdü ayrıldı. Mən hər zaman o müqəddəs insana Ulu Tanrıdan rəhmət diləyirəm.

Ömür kitbımın hər səhifəsindəki uğurlarda demək olar ki, onun böyük rolu vardır. Heydər Əliyev işləyənin, fəal insanların qədrini bilər, onların zəhmətini lazımınca qiymətləndirərdi. Dörd çağırış Mərkəzi Komitənin, Təftiş Komissiyasının üzvü olmuşam. O, məni Moskvaya, Özbəkistana da göndərmişdi.

Heydər Əliyev elə bir şəxsiyyət idi ki, əsrlər keçəcək, lakin o, unudulmayacaq. Çünki ta gəncliyindən ömrünün sonuna qədər o, xalqı üçün, Azərbaycanın inkişafı üçün çalışmışdır. Hər kəsə qayğı ilə, hörmət ilə yanaşmışdır. Uşaqlar da, gənclər də, qocalar da bu şəxsiyyətin məhəbbətini öz üzərlərində hiss etmişlər. Buna görə də onu hamı sevir. Heydər Əliyev kimi insanlar heç vaxt ölmürlər. Heydər Əliyevin ideyaları əbədi yaşayır, qalib gəlir və nə qədər Azərbaycan var, yaşayacaqdır.

Suqra MƏDƏTOVA

Sosialist Əməyi Qəhrəmanı,

Prezident təqaüdçüsü

Şərhlər