Nəyim var ki…
bir sevgidir olanım,
Bu sevgini
dünyam qədər sevmişəm.
Bir xəstəyə möhlət verən yalanı
Arzu qədər, inam qədər sevmişəm.
***
Sevgisizin qəlbi daşdı, yurdu qum,
Könülsüzlər gözəllik nə? – sordumu…
Bulaqları ceyran gözlü yurdumun,
Göllərini sonam qədər sevmişəm.
***
Yerdən göyə ha harayla, ha çağır,
Yenə sevgi – son ümidin açarı.
Dar günümdə pəncərəmdən içəri
Baxanları aynam qədər sevmişəm.
***
Bu sevgini demək olmur sözünən,
Duymaq olur,
görmək olmur gözünən.
Bayrağımın rəngləriylə bəzənən
Səmaları durnam qədər sevmişəm.
***
Çox Elmanlar gələr-gedər, ay ellər,
Amma sevgi getməz hədər, ay ellər.
Bir anamı vətən qədər, ay ellər,
Bir vətəni anam qədər sevmişəm.