“Zibilliyə atılan qidalar aclıqdan ölənlərin 15 mislini doydura bilər”

“Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2022-ci ildə dünyada 735 milyon insan aclıqdan əziyyət çəkib. 5 yaşınadək 148 milyon uşaq qida çatışmazlığı səbəbindən inkişafdan geri qalıb. 2018-ci ildə isə hər gün dünyada 18 min uşaq aclıqdan və doyunca yeməməkdən vəfat edib”.

“Aran” xəbər verir ki, bu barədə “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” tədbirində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Onun sözlərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymətləndirməsinə görə, dünya əhalisinin 30% (iki milyard insan) “gizli aclıq”dan əziyyət çəkir: “Bu o vəziyyətdir ki, insanların müəyyən qədər kalori almasına baxmayaraq vitamin və mineralın miqdarı lazımi səviyyədə olmur. 1 milyard tondan çox qida israf edilir və dünyada istehsal edilən qidanın 17%-ə qədəri süfrəyə gəlmədən yararsız hala düşür.

Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrdə zibilliyə atılan qidalar dünyada aclıqdan ölən insanların 15 mislini doyduracaq səviyyədədir. Əgər bu cür qeyri-bərabər paylanmalar olmasaydı, dünyada insanların aclıq problemi olmaya bilərdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu cür statistikalar da mövcuddur”.

M.Məmmədov əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyi sahəsində öz töhfəsini verməyə davam edərək, “dəyər zənciri” prinsipini tətbiq etməklə insan qidası üçün tam təhlükəsiz ərzaq məhsullarının “tarladan süfrəyə” çatdırılması işində aidiyyəti qurumlarla birgə bilavasitə iştirak edir:

“Azərbaycan ordusunun və Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibə nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda yenidən qurma işlərinə başlanılıb. Bu istiqamətdə kənd təsərrüfatına yararlı torpaq sahələri nəzarətə götürülərək, ekoloji təmiz və epizootoloji sağlam zonalar yaradılmaqla yüksək keyfiyyətli, təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalına başlanıb və bu sahə nazirliyin prioritetlərindən biridir”.

Şərhlər