140 yaşlı məktəbdə Bilik Günü

Yaxşı ki, müəllim olmamışam. Yoxsa bütün günüm şagirdləri müşahidə etməklə keçərdi. İş-güc tökülüb qalardı. Bəlkə də ən zövq aldığım, əhvalıma ən xoş təsir edən mənzərədir məktəbdə, tənəffüslərdə sevinclə çığırışan, o yan-bu yana qaçışan şagirdlər. Və bəlkə də müəllimlər üçün çox adi haldır bu. Amma tamamilə başqa sahələrdə çalışan, öz övladlarını belə, özü dərsə aparıb – gətirməyə vaxt tapa bilməyən mənim kimi analar üçün hər halda məktəb ab-havası tamamilə başqa təsir bağışlayır. Hərdən, imkan tapanda, övladlarımı məktəbdən özüm gətirəndə elə bilirəm dünya mənimdir. Onlarla birgə piyada, digər şagirdlərin qəhqəhəsinə,şən  çığırtısına qarışaraq yol getmək bütün əhvalıma təsir edir, günboyu xoş təəssürütlar məni tərk etmir.

Budəfəki  Bilik Günündə nə xoş mənə ki, özümün məzun olduğum, hazırda övladlarımın təhsil aldığı 140 yaşlı məktəbdə – M.F.Axundov adına 3 saylı məktəb-liseydə qonaq oldum. Əslində bu günümü övladlarıma ayırmaq, onların yanında olmaq istəyirdim. Amma digər vaxtlarda olduğu kimi, yenə də buraya valideyn kimi yox, qonaq kimi gəldiyim üçün bu gün də onlara yalnız uzaqdan baxmaqla kifayətləndim. Oğlum hara keçdi, bilmədim.Ön cərgədə dayanan qızım isə qəribə bir təbəssümlə baxışlarını üzümə dikmişdi. Hiss etdim ki, evdəki ana ilə buradakı ananın fərqini analiz etməyə çalışır.

Millət vəkilimiz Tahir Rzayev də tədbirin qonağı idi.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Çıxış edən məktəbin direktoru Mətanət Quliyeva müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik etdi, məktəbin uğurlarını diqqətə çatdırdı. O, bildirdi ki, ötən tədris ilində məktəbin 55 məzunu olub, onlardan 32 nəfər ali məktəbə, 6 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunublar. Müəllimlərin sertifikasiya imtahanından da söz açan direktor qeyd edib ki, ən yüksək göstəriciləri olan müəllimlər də məhz 3 saylı məktəb-liseyin müəllimləri olub. Onlardan Səriyyə Quliyeva 56 bal, Arzu Əsədova 55 bal, Cəmalə Əliyeva 55 bal, Aynur Quliyeva 53 bal, İlhamə Məmmədova 52 bal, Laləzar Qənbərova 51 bal, daha 3 müəllim isə 50 bal toplayıblar. Ümumilikdə isə sertifikasiya imtahanında məktəbin müəllimləri arasında 40-50 bal toplayanlar üstünlük təşkil edib. Həmçinin, ötən tədris ilində 4-cü siniflərin monitorinqi zamanı İlhamə Məmmədovanın sinfi 100 faiz nəticə əldə edərək, rayon üzrə birinci olub. Məktəbin iki müəllimi qrant layihənin qalibidir.

Əlbəttə, məktəb haqqında deyilənlərin hamısını qeyd etmirəm, amma doğrudan da 3 saylı məktəb-liseyin hər zaman yaxşı göstəricilərə  görə seçildiyi hər birimizə məlumdur.

Mətanət müəllimin bu ətraflı çıxışından sonra söz Milli Məclisin deputatı Tahir Rzayevə verildi. O, müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Sonra çıxış növbəsi mənə çatdı. Yuxudan yarımçıq durub gələn, bütün gücü ilə ağzını iri açıb əsnəyən, yeni sinif otaqlarını görmək eşqiylə dəqiqəbir ayağının yerini dəyişən, “qurtarsaydılar tez sinifə gedərdik” deyə darıxdığını hiss etdirən, artıq yay tətilində haralara getdiklərini müzakirə etməyə başlayan  balacalara baxınca  çıxışı qısa etməyin vacibliyini hiss etdim. Elə məktəbin direktor müavini Camal Abbasov da qısa təbriklə kifayətləndi. Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu və nəhayət o an gəldi. İlk zəng çalındı. Artıq şagirdləri burada saxlamaq mümkün deyildi. Odur ki, “heç olmasa tədbirdən sonra övladlarımla şəkil çəkdirərəm” deyə planladığım arzum da həyata keçmədi. Onları tapmaq samanlıqda iynə axtarmaq kimi bir iş idi… Nə deyirəm ki, şəkilsiz də ötüşmək olar. Əsas olan budur ki, qoy gül balalarımız azad, xoşbəxt yaşasınlar, yaradılmış şəraitdən yararlana bilsinlər, gözəl təhsil alıb valideyinlərinə, Vətənlərinə layiqli övlad olsunlar.

İlk dərs gününüz mübarək, əziz məktəblilər!

                                                                             

Məhsəti MUSA

Şərhlər