Rayonumuzun nümunəvi tədris ocaqlarından biri sayılan 9 saylı tam orta məktəbə budəfə gəlişim məzun kimi deyil, mətbuat nümayəndəsi kimi oldu. Aradan on il keçməsinə baxmayaraq, nə məktəbin özü, nə də ana deyə müraciət etdiyim dəyərli müəllimlərimdən heç biri dəyişilməmişdi. İsti ocağın cəfakeş analarını illər sonra yenidən görmək mənim sevincimə birə-beş xoşbəxtlik qatdı. Bu doğmalıq bir tərəfdən onunla bağlı ola bilər ki, mənim özüm də bir vaxt bu tədris yerində təhsil bulağından su içmişəm.
Hər il bütün bölgələrdə olduğu kimi cari ildə rayonumuzda da 15 sentyabr-“Bilik günü” münasibətilə ali və orta məktəblər öz qapısını şagirdlərin üzünə açıb. Bu əlamətdar gün münasibətilə ilk dərs gününü açıq elan edən məktəbin direktoru Rizvan Quliyev müəllim və şagird kollektivini ürəkdən təbrik edib. Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq, bir dəqiqəlik sükut elan olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca çıxışlara başlanılıb. 9 saylı tam orta məktəbin direktoru R.Quliyev çıxış edərək işğaldan azad olunmuş torpaqlarımızda tikilən müasir tipli tədris müəssisələri, tətbiq olunan məktəbli formaları və ötən il uğur qazanan məzunlar haqqında ətraflı söz açıb.
Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova şagirdləri təbrik edib, rayonumuzda təhsil sahəsində görülən geniş işlər barədə iştirakçılara məlumat verib. Daha sonra müəllimlər və valideynlər də təbriklərə qoşulub, məktəblilərə təhsil həyatında müvəffəqiyyətlər arzu ediblər.
Çıxışlardan sonra şagirdlərin ifasında görkəmli şairlərin vətənpərvər ruhlu şeirləri səsləndirilib.
Xatırladaq ki, 2022-2023-cü il tədris ilində rayonumuzda uğurlu nəticə göstərən təhsil ocaqlarından biri 9 saylı tam orta məktəbdir. Belə ki, sözügedən məktəbdə 49 nəfər məzundan, 31 nəfər məzun müxtəlif ali məktəblərə qəbul olub. Həmin məzunlardan daha yaxşı nəticə göstərən Xalidəxanım İbrahimli 645 bal, Aynurə Vəliyeva 640 bal və Qumru Cəfərzadə isə 600 bal yığaraq, Azərbaycan Dövlət Tibb Universitetinə daxil olublar.
Hüseyn QULUZADƏ