Yeni tədris ilinin ilk dərs günü

Bildiyiniz kimi bu gün, 15 sentyabr orta və ali təhsil müəssisələrində yeni tədris ilinə start verildi. Şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün bu gün əsl bayramdır. 

Əlavə məlumat olaraq qeyd edim ki, 2023-2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.

Ötən gün isə redaksiyamızın kollektivi arasında keçirilən iclas zamanı bildirildi ki, ilk dərs günü ilə əlaqədar qəzetimizin növbəti buraxılışında mövzunu əhatə edən materiallara yer veriləcək.

Digər əməkdaşlarımız kimi, mən də bu mövzuda yazı hazırlamalı idim. Bunun üçün də Ağcabədi rayon Məmməd Aranlı adına şəhər 11 saylı tam orta məktəbində keçiriləcək tədbirdə iştirak etməli idim. Bu, həm də mənim üçün xoş bir təsadüf oldu

Çünki, öz övladlarımın da təhsil aldığı bu tədris ocağından yazı hazırlamaq xoş olduğu kimi, bir o qədər də maraqlı idi.

Digər məktəblərdə olduğu kimi, burada da “Bilik Günü” geniş formada qeyd olundu. 

Tədbirdə müəllim və tələbə kollektivi, məktəbli valideynləri və YAP Ağcabədi Rayon Təşkilatının sədri Rövşən Əhmədov da iştirak etdi.

İlk dərs günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayaraq, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi. 

Çıxış edənlər uşaqlara zehin açıqlığı və uğurlar arzuladılar.

Məktəb direktoru Lətafət Əlizadə bu məktəbin 28 məzununun tələbə adı qazanaraq, respublikamızın müxtəlif ali məktəblərinə daxil olduqlarını bildirdi.

Onu da qeyd etdi ki, 2023-2024-cü tədris ilinin ilk dərsi “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur!” mövzusuna həsr ediləcək.

Ardınca ilk zəng çalındı və uşaqlar siniflərə tələsdilər. 

Səliqəli formaları ilə göz oxşayan uşaqlar içində birincilər daha çox həyəcanlı idi. Axı, bu gün onlar yeni həyata qədəm qoyurlar. Artıq onları sinif otaqları, müəllimlər və yeni uşaqlarla tanışlıq gözləyir. 

Bu gün eyni zamanda bu məktəblərlə yanaşı işğaldan azad olunmuş torpaqlarda – Zəngilan rayonu Ağalı kənd, Tərtər rayonu Talış kənd, Füzuli şəhər 1 nömrəli və Laçın şəhər 2 nömrəli tam orta məktəblərində uzun illərdən sonra ilk zəng çalınıb.

Vətən həsrəti ilə böyüyən uşaqlar bu gündən öz yurd-yuvalarında məktəbə qədəm qoyurlar. Onlar bu məktəblərdə, elə bu torpaqlarda öz qanları ilə tarix yazan vətən oğullarının qəhrəmanlıqlarını kitablardan oxuyacaqlar.

Vətənimizin gözəl balaları, yeni dərs iliniz mübarək!

           

PƏRVİN ŞAKİRQIZI

Şərhlər