Azərbaycan xalqı çox qədim musiqi sənətinə malik bir xalqdır. Bu qədim xalqın belə zəngin musiqiyə malik olması heç də təsadüfi deyil.
Bele ki, xalqımız uzun bir tarixi inkişaf yolu keçib. Bu illər ərzində milli musiqimiz də getdikcə inkişaf edib, gündən-günə zənginləşib . Qədim musiqimiz haqqında ilkin məlumatlar Qobustan və Gəmiqaya rəsm əsərlərində öz əksini tapıb.
Beləliklə xoş sədalı musiqimiz Qobustan qayalarındakı qaval daşından süzülərək bu günümüzə gəlib çatıb. Bundan başqa, “Kitabi-Dədə-Qorqud”, “Koroglu” dastanlarında, eyni zamanda Nizaminin, Füzulinin əsərlərində zəngin musiqi sənətimiz haqqında geniş məlumat verilib.
19-cu əsrin 80-cı illərində Mir Mövsüm Nəvvab və Hacı Hüsü tərəfindən musiqiçilər məclisi təşkil olunub. Bu məclisdə muğam sənəti geniş şəkildə müzakirə edilib.
Məşədi Cəmil Əmirov, Seyid Şuşinski kimi incəsənət nümayəndələri bu məclisin iştirakçıları olublar. Bu sənətkarların xidmətləri musiqimizin hazırkı səviyyəyə çatmasında böyük rol oynayıb. Azərbaycan musiqisinin dünya səviyyəsinə çatmasında isə Üzeyir Hacıbəyovun rolu danılmazdır.
Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaratmış böyük bəstəkar ömrünün təqribən 45 ilini musiqi sənətinə həsr edib. Bu gün, 18 sentyabr dahi bəstəkarın dünyaya göz açdığı gündür. Bu gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Üzeyir Hacıbəyov bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır.
Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 115 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlayıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub.
İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyovun yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi.
Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə tamaşaya qoyulub.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad” dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun” dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan” dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb.
“Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəyovun ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota alıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub.
Üzeyir Hacıbəyov təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı.
1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəyovun musiqişünas- alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir.
Üzeyir bəyin sənəti opera dramaturgiyası sənət tariximizdə tamamilə yenilik idi. Və bu sənət faktı Şərqdə ilk dəfə olaraq Azərbaycanda yarandı .
Eyni zamanda Üzeyir bəy Cəlil Məmmədquluzadənin yaratdığı ” Molla Nəsrəddin” məktəbinin qüdrətli nümayəndələrindən biri olub .
Üzeyir Hacıbəyov, onun əsərləri həm də xalqın azadlıq mübarizəsinə xidmət edib, tərbiyəvi əhəmiyyətə malik olub. Bəstəkarın yaratdığı musiqi inciləri şöhrət qazanaraq, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.
Görkəmli musiqi xadimləri onu professional şərq musiqisinin atası adlandırıblar. Bəstələdiyi əsərlərlə Azərbaycanı dünyaya tanıdan və musiqi aləmində yeni qapılar açan sənətkar eyni zamanda şərqin qapılarını da dünyanın üzünə açmış oldu.
Üzeyir Hacıbəyovun adının qarşısındakı drijor, publisist, dramaturq, pedaqoq statusları da bəstəkar fəaliyyəti ilə eyni yüksəklikdə dayanır.
O zaman Azərbaycan musiqi sənətinin peşəkarlara ehtiyacı var idi. Bəstəkar məhz bu ali məqsədlə həyatını, fəaliyyətini vətəni üçün musiqi elminin sələflərini yetişdirməyə həsr edib.
Bu ali məqsədlə Üzeyir Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasının təşkilinə səfərbər olub. Elə bundan sonra ilk notlu xalq çalğı alətləri orkestrı, ilk çoxsəsli xor, musiqi məktəbi, musiqi texnikumunu yaradıb.
İllər keçdikcə dahi bəstəkarın ümidləri özünü doğruldur. Bu təhsil ocaqları Azərbaycan musiqisinə Üzeyir ənənələrini uğurla davam etdirən görkəmli, istedadlı şəxsiyyətlər qazandırır.
Elə ölməz bəstəkarın doğum gününün musiqi günü kimi qeyd edilməsi də onun yetirməsi maestro Niyazinin ustadına vəfa borcu idi. Niyazi Üzeyir bəyin vəfatından sonra onun doğum gününü qeyd edərmiş.
Sonralar bu əlamətdar hadisə ənənəyə çevrilib.1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində, 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınır.
Beləliklə, Azərbaycan xalqına Milli Musiqi Günü bəxş edən Üzeyir Hacıbəyovun simasında bəstəkarın əməyinin layiqli davamçıları yetişir. Onlar ölkəmizi beynəlxalq səhnələrdə təmsil edirlər.
Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində musiqi sənətimiz də uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yaxud da yenidən qurulur. Milli musiqiçi kadrların yetişməsi istiqamətində uğurlu layihələr həyata keçirilir.
Son illər beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi ölkəmizdə musiqi mədəniyyətinin inkişafından xəbər verir.
“Qarabağ xanəndələri” albomunun, “Üzeyir Hacıbəyov Ensiklopediyası” nın və “Muğam Ensiklopediyası” nın nəşr olunması Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı sənətinin, kamançanın YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi -mədəni irsi siyahısı” na daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.
Bu gün qürurla Azərbaycan müstəqilliyinin milli atributlarından olan dövlət himnimizi dinləyərkən, ölməz bəstəkarın nəfəsini duyururuq.
Elə Üzeyir Hacıbəyov da respublikamızın dəyərli rəmzi, qürur simvolu kimi müstəqilliyimiz durduqca əbədi yaşayacaq.
Zaman dəyişir, zövqlər dəyişir. Əsl musiqi isə, əbədi olaraq yaşayır. Unudulmaz sənətkar Üzeyir bəyin əsərləri kimi.
Əziz musiqisevərlər, Milli Musiqi Gününüz mübarək!
