Ulu Öndərin dövlətlərarası münasibətlərlə bağlı sitatları

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin çoxsahəli
fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə tematik sitatlarını sizlərə
təqdim edirik:
“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk
etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.”
“Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə
dünyada məşhurdur. Azərbaycanda Rumıniyanı, rumın xalqını yaxşı tanıyır, onun
tarixinə, qədim mədəniyyətinə, ədəbiyyat və incəsənətinə yaxşı bələddirlər.”
“Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə
bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq,
qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi
bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox
əhəmiyyətlidir.”
“Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla
xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız
ölkələrlə, xalqlarla dostluq qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq
istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun,
torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq
normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda
heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır.”
“Azərbaycan xalqı ilə alman xalqı arasında böyük tarixi əlaqələr var. Keçmişdə
Azərbaycanda çoxlu alman yaşamışdır. Xalqımızın həyatında onların rolu olubdur.
Almanların keçmişdə Azərbaycanda yaşamalarının izləri indi də durur. Bu izlər və
bəzi abidələr bizim tərəfdən qorunub saxlanılır.”
“BMT-nin üzvü kimi müstəqil Azərbaycan Respublikasının amalı və məqsədi
Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onu əbədi etməkdən ibarətdir.”
“Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox
bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın
edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası
arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur.”
“Dünyada heç kəs heç kimə öz prinsiplərini, öz iradəsini zorla qəbul etdirməməlidir,
heç bir dövlət digər ölkələrin hüquq və mənafelərini pozmamalıdır.”
“Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr
bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır.
Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-
birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması – hamısı
birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx
dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir
gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik.”

“Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir.”
“Biz beynəlxalq, dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyirik. Biz hər
hansı böyük ölkənin öz nüfuzundan istifadə edərək hansısa kiçik bir ölkəyə təzyiq
göstərməsinin əleyhinəyik.”
“Biz müstəqillik əldə edən kimi, sərhədlər açılan kimi, bir-birimizlə əlaqələr
asanlaşan kimi dostluğumuz, qardaşlığımız böyük bir fəvvarə kimi püskürdü və bütün
dünyaya nümayiş etdirdi ki, Türkiyə ilə Azərbaycan keçmişdə də bir olub, bu gün də
birdir, gələcəkdə də bir olacaqdır.”
“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, bizim qanımız, canımız, dinimiz,
dilimiz birdir.”
“Gənc, müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük, qüdrətli dövləti olan
Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurubdur. Bu əlaqələr inkişaf
edir, hər iki ölkə üçün öz müsbət nəticələrini verir.”
“Türk xalqları insanlığın min illər boyu yaratdığı sivilizasiyaya əvəzsiz, tarixi töhfələr
veriblər. Demokratizm, haqq-ədalətə sonsuz inam, milli, dini, irqi ayrı-seçkiliyə qarşı
barışmazlıq, vətənpərvərlik və sülhsevərlik xalqlarımızın səciyyəvi cəhətləridir. Çətin
mübarizə yollarında və saysız-hesabsız şəhid qanları hesabına qazandığımız
azadlığımızın, müstəqilliyimizin əbədi olmasında, milli dövlət quruculuğunun dönməz
xarakter almasında biz məhz belə bəşəri dəyərlərə istinad edirik.”
“Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə
qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq,
qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa
ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq
etmək siyasətidir.”
“Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq
sivilizasiyasını həm coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən birləşdirən
bir ölkədir. Biz bu tarixi missiyamızı da çox yüksək qiymətləndiririk. Şərq və Qərbi,
Avropa ilə Asiyanı, xristian aləmi ilə İslam aləmini birləşdirən Azərbaycan müstəqil
dövlətdir və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır.”
“Özbəkistanla Azərbaycanı çox şeylər bağlayır, tarixi köklərimiz birdir, dilimiz,
musiqimiz, dinimiz, adətlərimiz, bütün ənənələrimiz də birdir. Biz eyni köklərə
mənsubuq və onları, milli xüsusiyyətlərimizi, milli mənşəyimizi indi daha çox
qiymətləndiririk. Bu, müstəqil, suveren dövlətlər kimi Özbəkistanın da, Azərbaycanın
da yer üzündə möhkəm durması və mövcud olması üçün onların müstəqillik və
suverenliyini heç kimin poza bilməməsi üçün zəruridir.”
“Azərbaycan xalqı Misirin qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük
hörmət və ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan əlaqələri çox
əzizdir.”
“İlk dəfə olaraq Türkiyənin xaricindən, xarici ölkədən – yalnız Azərbaycandan
torpaq gətirildi və o torpağı mən şəxsən Mustafa Kamal Atatürkün qəbrinin yanına,
böyük Türkiyənin diyarlarından gətirilmiş torpaqlarla bir sırada qoydum. Bu, bizim

üçün tarixi bir hadisədir. Çünki ilk dəfədir ki, Türkiyənin xaricindən buraya torpaq
gətirilir. Eyni zamanda bu onu göstərir ki, Türkiyənin bütün torpaqları kimi, bütün
vilayətləri kimi, bütün diyarları kimi, Azərbaycan Türkiyə ilə bağlıdır və Mustafa
Kamal Atatürkü özünün öndəri, özünün qəhrəmanı, özünün müdrik şəxsiyyəti hesab
edir.”
“Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı
tərəfdaşlıq münasibətlərinə malik olmalıdır.”
“Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var. Azərbaycanda
yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi
yaşamışlar.”
“Ukrayna olduqca zəngin iqtisadi və intellektual potensiala malik böyük ölkədir.
Ukrayna çox mühüm coğrafi-strateji mövqedə yerləşir, müasir beynəlxalq həyatda,
dünya siyasətində və Avropa Birliyi strukturlarında əhəmiyyətli rol oynayır. Buna görə
də Ukrayna ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın bizim üçün çox
böyük əhəmiyyəti var.”
“Ölkəmizin Avropa Birliyinə daxil olması Avropanın mənəviyyat, ənənələr
cəhətindən zənginləşdirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın bugünkü reallığı
Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Avropa dəyərlərinin üzərinə
bunu əlavə etsək, Avropa dəyərləri daha da zəngin olacaqdır.”
“Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və
müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə – dövlət
quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin
olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın
təcrübəsindən daim bəhrələnirik.”
“Yaponiya ilə Azərbaycan arasında yaranmış dostluq, tərəfdaşlıq, işgüzar əlaqələr
bizim üçün çox əhəmiyyətlidir.”
“Pakistan, Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır. Azərbaycan
dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk
dövlətlərdəndir.”
“Biz bu mövqeyin üzərində qəti dururuq ki, Xəzər dənizi sülh, qardaşlıq, birgə
əməkdaşlıq dənizi olmalıdır.”
Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq
münasibətləri və sıx əməkdaşlıq uğurla inkişaf edir və böyük gələcəyə malikdir.”
“Roma papasının Azərbaycana ziyarəti tarixi hadisədir. Onun Azərbaycanda
olması, bizimlə aparılan danışıqlar və ictimaiyyətin nümayəndələri ilə, xalq kütlələri
ilə görüşü bizim xalqımızın Roma papasına, ümumiyyətlə, sülhə, dostluğa
münasibətini nümayiş etdirmişdir.”
“Əsrlər boyu, tarixin bütün zamanlarında Gürcüstan ilə Azərbaycan arasında heç bir
nifaq, münaqişə olmamış və bir-birimizlə dostluq, mehribanlıq, qonşuluq şəraitində
yaşamışıq.”

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər