
Orxan Kərimovla bir neçə il əməkdaşlıq etmişik. Daha dəqiqi, “Aran” qəzetinin saytının – “www.aranqazeti.az“ın idarə edilməsində xeyli vaxt yaxından köməklik edib. Həmçinin maraqlı məqalələri və hekayələri elə idarə etdiyi saytda və “Aran” qəzetində dərc olunub. Necə işləmişik, əməkdaşlığımız necə olub, əlbəttə indi bu haqda yazmaq fikrində deyiləm. Bu yazını hazırlamaqda məqsədim onun istedadlı tərəfini işıqlandırmaqdır.
“Aran” qəzetinə yeni redaktor təyin olunduğum vaxtlar gözüm istedadlı gənclər axtarırdı. Bilirsiniz də, bu iş elə işdir ki, mütləq və mütləq yaradıcılıq tələb edir. Yəni əməkdaşlıq üçün müraciət edənlər o qədər idi ki… Təəssüf ki, onları yoxlamaq üçün bəzən tapşırdığımız ən bəsit mətni belə hazırlaya bilmirdilər və təbii ki əməkdaşlıq alınmırdı. Belə bir vaxtda yazımın qəhrəmanı ilə tanış oldum. Bəzi yazılarını oxudum, fikir mübadiləsi apardım. Çoxlarından fərqli düşünə bilən və düşündüklərini ifadə etməyi bacaran birinə rast gəldiyim üçün çox sevindim. Ara-sıra yazılarını qəzetdə dərc etdik və nəhayət bu bir əməkdaşlığa çevrildi. Açığını deyim, bəzən iş prosesində müəyyən məsələlərdə fikir ayrılıqlarımız mübahisəyə də gətirib çıxarırdı. Bəzən ola bilsin ki, incikliklərimiz də olurdu. Amma reallıq budur ki, əlinə qələm götürərkən, yaxud müasir dillə desək klaviatura arxasına keçərkən Orxanın (işdə müəllim deyə müraciət etsəm də, yazıda rəsmiyyətdən qaçmaq istədim) dünyaya fərqli baxışı var, fikirləri cəlbedici və düşündürücüdür. Dəfələrlə onu məhz bu baxışlarına görə “burunlayan” yaşlı nəslin nümayəndələri ilə əməlli-başlı “döyüşmüşəm” də. Köhnə qəliblərdən qaçmasını alqışlayaraq bu istiqamətdə getməsini ən doğru yol hesab etmişəm.
Ötən ilin oktyabrında Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid Ağcabədidə media işçiləri və yazarlarla görüş keçirdi. Həmin vaxt söhbət Orxanın sosial şəbəkədəki maraqlı statuslarından, mətbuatdakı məqalələrindən, hekayələrindən düşdü. Və elə müzakirələr zamanı təklif olundu ki, o, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmaq üçün müraciət etsin. Sonrakı proseslərdə istedadına güvəndiyim, gələcək uğurlarına inandığım üçün mən də ona öz dəstəyimi əsirgəmədim. Bugünlərdə artıq gənc yazarın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edildiyini öyrəndim. Çox xoş oldu ki, onun yazıları bəyənildi, qəbul olundu.
Qeyd edim ki, Orxan Kərimov hazırda Ağcabədi Rayon İcra Hakimiyyəti Nəcəfqulubəyli kənd icra nümayəndəliyində Baş məsləhətçi – Baş mühasib vəzifəsində çalışır. Təbii ki, işi məsuliyyətli bir işdir. Amma inanırıq ki, bütün işləri ilə yanaşı o, yaradıcılığını da davam etdirəcək, bir-birindən maraqlı, dəyərli hekayələri, məqalələri ilə oxucularını sevindirəcəkdir. Yazını hazırlayarkən onu da öyrəndim ki, gənc yazar artıq ilk hekayələr kitabını növbəti ildə çap etdirmək üçün hazırlayır. O, kitabda 40-dan artıq hekayənin yer alacağını bildirib.
Məhsəti MUSA