Oktyabrın 27-də Ağcabədi Rayon İcra Hakimiyyəti və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Tarix yazan liderimiz” mövzusunda dəyirmi masa keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən qəhrəmanlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Giriş nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məshələtçi-psixoloqu Ülkər Kərimova ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə müvafiq tədbirlər planına əsasən həyata keçirilən tədbirlərin, görüşlərin mütəmadi keçirilməsindən söz açıb.
Sonra çıxış edənlər – Vətən müharibəsi veteranı, mərkəzin elmi işçisi Ruhin Hüseynov, M.F. Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyin tarix müəllimi Aynur Hüseynova, M.Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbin tarix müəllimi İlhamə Əliyeva, “Aran Ağcabədi” internet televiziyasının redaktoru Gündüz Sevindik, Gənclər üçün Kariyera Mərkəzi Qarabağ Regional ofisinin koordinatoru Ləman Zeynalova ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın düşdüyü çətin vəziyyətdən, siyasi gərginlikdən, ölkədə gedən hərc-mərclikdən, eyni zamanda torpaqlarımızın ard-arda düşmən tərəfindən işğal olunmasından danışıblar. O da vurğulanıb ki, xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev məhz o çətin vaxtlarda özünün siyasi gücünə və xalqın iradəsinə güvənərək ölkəni ciddi fəlakətlərdən, böyük bəlalardan xilas etdi. Bu gün müstəqil Azərbaycan çox güclüdür, tam azaddır, onun İlham Əliyev kimi qətiyyətli Prezidenti və qalib Ordusu var. Məhz indiki bu qüdrətli ölkənin tarixini yazan, bügünkü Azərbaycanımızın memarı ümummilli lider Heydər Əliyevdir – deyə natiqlər qeyd ediblər.
Sonda ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən film təqdim olunub. Təxminən 1 saata yaxın davam edən tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.

Gündüz SEVİNDİK