Məmməd Araz yaradıcılığının poetik xüsusiyyətləri

Sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi bacarmaq, misra və bəndlərin məna dəyərini və tutumunu gücləndirməklə, ümumilikdə şeirin obrazlı poetik sistemi­ni qorumaq Məmməd Araz poeziyasının ilk nümunələ­rindən hiss edilməyə başlayır. Daha çox təbiət və məhəbbət lirikasına üstünlük verən şairin ilk mərhələdəki torpağa, vətənə bağlılıq hissini ifadə edən şeirlərində də konkret detallar və onların vasitəsilə təbliğ edilən vətənpərvərlik ruhu aparıcı mahiyyət daşıyır. Bu ruh onun valideynlə­rinə – ata və anasına həsr etdiyi şeirlərində də torpağa, vətənə məhəbbət hissləri ilə əlaqələndirilir, ümumiləş­dirilmiş poetik məna kəsb edir. “Anamdan yadigar nəğ­mələr” silsiləsi başdan-başa belə bədii tamlığa malik ol­maqla ümumiləşdirilmiş səciyyə daşıyır:

Elə bil yarpağın dəyişib tamı,

Nanənin ətri də azalıb bir az.

Çağırın, çağırın əziz anamı,

Belə bağça olmaz, belə bağ olmaz.

Örüşdən quzular dönüb mələşir,

                Boz inək axtarır səsini onun.

               Yadıma bir sözüm, bir misram düşür,

Çırağı anaymış ata yurdumun.

Obrazlılığın kövrək təbiət detalları ilə ifadəsi M.Araz şeirini əlamətləndirən əsas xüsusiyyətləridir. Obrazlı bəşəri ümumiləşdirmələrin səciyyəvi, təbiət hadisələ­rinin və detallarının incəliklərini hiss və dərk etmək bacarığı M.Araz poeziyasının təsir gücünü, poetik ma­hiyyətini daha da artırır. Şairin bu dövrdə qələmə aldığı “Göy göl”, “Əlvida, dağlar”, “Bəzən unuduram”, ”İnsan”, “Bir il”, “Bülbülün səsi” və digər şeirləri məhz belə əsər­lərdəndir.

Sırf təbiət şeirlərində yenicə kənddən gəlmiş gənc şairin həsrət motivləri daha qabarıqdır:

Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə,

Ey qaragöz pəri, dalımca sən də,

Boylan, salamat qal, bax, salamat qal!

M.Arazın ilk şeirləri içərisində sonrakı yaradıcılıq mərhələlərində aparıcı mahiyyət daşıyan insan –təbiət qarşılığının rüşeymlərini üzrə çıxaran motivlərə də tə­sadüf edirik. Bu baxımdan kiçikhəcmli “İnsan”şeiri bö­yük əhəmiyyət kəsb edir:

Mən getsəm dünyada uçrum yaranar,

Toyda da, yasda da görünər yerim.

Yay da bir ah çəkər, payız da yanar,

                Qışda da, yazda da görünər yerim.

Mən getsəm, saç yolub dağların çəni,

Ağlayar bir ana, bir bacı kimi.

Təbiət düşünər, düşünər məni,

Bir fiqur itirən şahmatçı kimi…

M.Arazın sonralar sistem halına düşən vətənin bü­tövlüyünə çağırış, cənub həsrətli şeirlərinin ilk rüşeym misraları yaradıcılığının ilk dövrlərində bərkiyib for­malaşmağa başlayır. “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə tək çinar” şeirləri məhz belə lirik poema siqlətli sənət nümunələridir.

Dolğun ideya məzmunlu və vətənpərvərlik ruhu ilə yanaşı obrazlı ifadələrin yeniliyi və bədii səviyyəsi baxı­mından da bu şeirlər M.Arazın növbəti və daha səviyyə­li yaradıcılıq mərhələlərinə qədəm qoymasından xəbər verir. Bu şeirlər həm də şairin vətəndaş narahatlığını nümayiş etdirir:

Su içmək üçündü,

Çay keçmək üçün;

İçilməz, keçilməz çayı su bilmə.

İnsanı ölümdən olan ölümün,

Zəhmini insanın qorxusu bilmə.

Əsrimiz körpülər əsridir indi,

Pas atmış ağıllar quylanır yerə.

Mənim sularımın düzlüyü gendi,

Qabarıb hay salır lal sahillərdə.

Hələ ilk şeirlərindən insan və onu əhatə edən icti­mai mühitin xarakteri ilə bağlı bəşəri problemləri qal­dırıb onların özünəməxsus bədii həllinə çalışan M. Ara­zın 1960-cı illərin əvvəllərində qələmə aldığı “Üç oğul anası”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, “İllər­dən bəri”, “Ömür karvanı” və s. şeirlərindəki obrazlı dü­şüncə tərzi, forma ilə məzmun vəhdəti daha çox diqqəti cəlb edən bədii elementlərdəndir. Analitik bədii təhlilə meyl edən şairin insan – dünya münasibətlərində qarşı­ya çıxan problemlər, taleyin saysız-hesabsız oyunlarının xüsusi bir sistem halında izlənməsi əsas yaradıcılıq is­tiqaməti kimi üzə çıxır:

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik,

Bir zərrənin işıgına milyonlar şərik,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin.

M.Araz keçmişi də, bu günü də düşünəndə ona yal­nız şair qəlbi ilə yox, təfəkkür gözü ilə baxır, vətən oy­mağının hər zərrəsində məna axtarır. Onun hadisələrə bədii-fəlsəfi baxışı həmişə aparıcı mövqedə durur. Şai­rin xüsusi bir narahatçılıq hissi ilə dediyi:

Çox da tərifləmə bu qalacanı,

Axtar dünənimdə bu günü, axtar.

Kimin əlindəydi onda açarı?

Axtar, bu birinci düyünü axtar.

– poetik fikri tədricən dərinləşir, bəşəri narahatçılı­ğa çevrilir. Zaman keçdikcə bu səmimi hislər daha də­rin mənalarla ümumiləşdirilib daha orijinal, ardıcıl və sistemli poetik obrazlarla ifadə edilərək “Vətən daşı ol­mayandan olmaz ölkə vətəndaşı” qənaəti ilə yekunlaş­dırılır.

Beləliklə, deyə bilərik ki, M.Araz sənətə gəldiyi gün­dən xalq onu əsl şair kimi sevib qəbul etmişdir. Öz əsər­ləri ilə Azərbaycan poeziyasına yeni ruh gətirən, onun inkişafına təkan verən M.Arazın şeirləri hansı ictimai-siyasi quruluşda yaranmasından asılı olmayaraq onlar həqiqi sənət əsərləri kimi sevilmiş və poetik kəşflərlə, xalq məsəlini andıran aforizmlərlə, obrazlı poetik nü­munələrlə zəngin əsl poeziya nümunələri kimi qəbul edilmişdir.

Vaqif Allahverdiyev

                                                                ADPU- Ağcabədi  filialının.dosenti

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər