
Rayon rəhbərliyinin birbaşa təşəbbüsü və dəstəyi ilə “Aran” qəzetinin nəzdində fəaliyyət göstərən “Aran Ağcabədi” internet televiziyasının bu gün iki yaşı tamam olur. 2021- ci il noyabrın 1-də “Aran Ağcabədi” TV-nin ilk efir günü idi.
Aparıcı kimi necə bir məsuliyyətli işi çiyinlərimə götürdüyümü yaxşı dərk edirdim və
çıxdığım bu yolda dilimdə tək duam bu idi.
“Allahım, mənə güc ver. Bu çətin, məsuliyyətli və bir o qədər də şərəfli yolda utanmayım və mənə inananları yanıltmayım”.
Bax beləcə iki il keçir həmən o gündən- sehirli , ovsunlu noyabrdan.
Mövsümcə payız idi. Ancaq, ümid ilə səpib, dualarımla cücərtdiyim arzularım üçün yaz idi. Uzun illər həmin arzularımın üzərinə çökmüş olan qara buludlar çəkilir,yerini ilıq yaz günəşinə verirdi…
Beləcə yorulmadan ,israr ilə etdiyim dualar gerçəkləşirdi. Təsəvvür edirsiniz, möcüzənin gerçəkləşməyi necə sevindiricidir ?
Uzun illər sevdiyim işdən, ailə vəziyyətimdən asılı olaraq uzaq düşmüşdüm. Lakin buna baxmayaraq bir an belə bu istəyimdən, mübarizəmdən əl çəkmirdim..
Elə o günlərdən də” inanmaq, bacarmağın yarısıdır sözü” mənim həyat devizimə çevrildi. Lakin arzularıma gedən bu yolda, mənə dəstək olan, mənə inanan insanların həyatımda oynadıqları rolu da əsla unutmaq olmaz ! Onların hər birinə sonsuz təşəkkürlərimi bildirirəm.
Soyuq demədən, isti demədən, bəzən səhər saatlarından axsama kimi zəhmətsevər kollektivimizlə etdiyimiz çəkilişlər, aldığımız müsahibələr, hazırladığımız videomateriallar bizləri daha da sevindirir, ümidləndirirdi.
Beləliklə, ölkə başçısının işgüzar səfərləri, igidlərimizin qəhrəmanlıq salnamələri, həftəlik xəbərlər buraxılışları, ədəbi-bədi proqramlar, rayonda baş verən ən son yeniliklər, iqtisadiyyat və idman xəbərləri efirimizin bəzəyinə, yaraşığına çevrildi. Və biz ilk addımlarımızı atdıq, böyüdük, bərkidik. Doğma rayonumuzun doğma da kanalına çevrildik.
Bu gün münasibəti ilə mən bütün kollektivimizə yeni uğurlar diləyir, bir gün 10 illiyimizi qeyd etməyimizi arzulayıram!
2 yaşın mübarək, “Aran Ağcabədi” televiziyası!
PƏRVİN ŞAKİRQIZI