Azərbaycanın üç rəngli, ay-ulduzlu şanlı bayrağının Xankəndində qaldırılması xalqımızın Vətən müharibəsindəki mütləq qələbəsinin bariz nümunəsidir. Güclü ordu, hərtərəfli düşünülmüş siyasət və xalq-ordu-iqtidar birliyi bir araya gəldikdə əldə olunan müvəffəqiyyətlər həm çox və mükəmməl olur, həm də gələcək növbəti uğurların əsası qoyulur. 44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusunun Xankəndiyə – müqəddəs şəhərimizə girməməsinin, şəhərin kandarındaca dayanmasının səbəbləri indi-indi bəlli olur. Çünki bir çox məsələlər qol gücünə, silah-sursat hesabına deyil, məhz siyasətlə həll edilməlidir.
İşğalda olan bir sıra rayonlarımızın, eləcə də Xankəndinin antiterror tədbirlərindən sonra, həm də danışıqlar yolu ilə qaytarılması rəsmi Bakının dünyaya ötürmüş olduğu mesajı kimi də sayıla bilər. Çünki əgər bu torpaqlar ermənilərə məxsus olsaydı, onlar hər bir qarış üçün ölüm-dirim savaşı aparar, döyüşə-döyüşə geri çəkilərdilər, nəinki belə formada təhvil verərdilər. Necə ki, biz Birinci Qarabağ mühasribəsi zamanı vətənimizin hər qarışı üçün döyüşmüş, addım-addım, can verərək, qan tökərək geri çəkilməyə məcbur olmuşduq. Amma heç bir halda torpaqlarımızdan könüllü şəkildə çıxmamışdıq. Dünya yaranandan bu günə kimi baş vermiş bütün müharibələrdə hələ heç kim ona aid olan torpaqları bu formada qarşı tərəfə təhvil verməyib. Deməli, ermənilərin, heç nə olmamış kimi, torpaqları boşaltması həmin ərazilərin məhz azərbaycanlılara aid olduğunun bariz sübutudur. Ona görə də 44 günlük Vətən Müharibəsi zamanı ordumuzun Xankəndi və digər rayonlarımızın kandarında dayanması siyasi baxımdan ən doğru qərar hesab olunmalıdır. Həyata keçirilən siyasətin gücü də məhz ondadır ki, daha çox şəhid vermədən, daha ağır nəticələrə səbəb olmadan öz torpaqlarını geri qaytarmağı bacarasan. Bu baxımdan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət mükəmməldır.
Dövlət başçımızın Xankəndi, Xocalı və Xocavənddə bayrağımızı qaldırması, həm də “müharibə vaxtı bu şəhərlərə ordumuz nə üçün girmədi” sualına verilmiş çox yaxşı və tutarlı cavabdır. Bu həm də onu göstərir ki, hökümətimiz reallığı, dünya düzənini daha yaxşı analiz edir və daha uğurlu nəticələrə gətirəcək, praqmatik siyasət yürüdür. Baş verən proseslər və əldə olunan nailiyyətlərə baxıldıqda Prezident İlham Əliyevin nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bildiyinin bir daha şahidi oluruq. Dövlətimizin başçısının xalqı qarşısında verdiyi sözlərin bir-bir həyata keçdiyini müşahidə etməkdəyik. “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” – deyən Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində düşmən bizim əzəli torpaqlarımızdan qovulub. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri.